ABŞ-nin San-Fransisko şəhərindəki Kaliforniya Universitetinin tədqiqatçıları Yer kürəsindən 18 işıq ili məsafədə yerləşən M cırtdan ulduzunun yaşaya biləcəyi zonada yeni bir super Yer tipli ekzoplanet aşkar ediblər.

"Science Daily"nin məlumatına görə, iki yüksək həssas müşahidə cihazından əldə edilən məlumatlar əsasında müəyyən edilən bu planetə “GJ 251 c” adı verilib. Alimlər planetin öz ulduzuna nisbətən yaxın olması və qayalı quruluşa malik ola bilməsi ehtimalını vurğulayıblar.
Tədqiqatçılar bildirirlər ki, GJ 251 c-nin səthində maye suyun mövcudluğu üçün uyğun temperatur ola bilər. Planetin Yer kürəsindən bir neçə dəfə böyük olduğu və Süd Yolu Qalaktikasının nisbətən yaxın hissəsində yerləşdiyi qeyd olunub.
Araşdırmanın aparıcı alimlərindən Pol Robertson kəşfin dəyərini belə izah edib: “Ən önəmli məqam planetin cəmi 18 işıq ili uzaqlıqda olmasıdır. Bu, kosmik miqyasda demək olar ki, qonşuluq deməkdir”.
Tədqiqatın nəticələri The Astronomical Journalda dərc edilib.
https://www.sozcu.com.tr/dunya-ya-cok-benzeyen-yeni-bir-gezegen-kesfedildi-p262179
Mənbə: Sözcü
Tərcümə etdi: Piranə Xasiyeva
