Holokost zamanı bir portret Yəhudi qəhramanın həyatını qurtarıb və incəsənət dünyasının ən bahalı rəsminə çevrilib. Avstriyalı rəssam Gustav Klimt'in “Elisabeth Ledererin" portreti Nyu-Yorkda "Sotheby" hərracında 20 dəqiqəlik alqı-satqı mübarizəsindən sonra adı açıqlanmayan alıcı tərəfindən 236,4 milyon dollara (180 milyon funt sterlinq) alınıb.
Bu rəsim ən bahalı müasir rəsm rekordundan daha baha satılıb. Merilin Monronun portreti olan həmin əsər 2022-ci ildə 195 milyon dollara satılıb. Hərracda satılan ən bahalı rəsm isə hələ də Leonardo da Vinçinin "Salvator Mundi" əsəridir. Christie's-in məlumatına görə, bu rəsm 2017-ci ildə 450 milyon dollara satılıb.
Sotheby "X" platformasında bildirib ki, Klimt'in əsərinin qiyməti heyrətamizdir və bu satış əsəri hərracda satılmış ən dəyərli müasir incəsənət nümunəsi edir. Klimt'in 1914–1916-cı illər arasında üzərində işlədiyi portreti Vyananın ən varlı ailələrindən birinin qızını Şərqi Asiya imperatorunun libasını geyinmiş halda təsvir edir. 1916-cı ildə tamamlanan və 1,8 metr ölçüyə malik olan bu rəngarəng əsər 1938-ci ildə Natsi Almaniyası Avstriyanı özünə birləşdirməzdən əvvəl Lederer ailəsinin dəbdəbəli həyatını təsvir edir. Avstriyada yanğın baş verən zaman Klimt'in oradakı əsərləri yanıb, ancaq həmin əsəri o əsərlərdən ayrı saxlanıldığı üçün xilas olub. Kanadanın Milli Qalereyası bildirir ki, nasistlər Lederer ailəsinin çoxlu sənət əsərlərini talayıblar, amma ailənin portretlərini oğurlamayıblar, çünki bu portretlərin çox yəhudi görünüşlü olduğunu düşünüb onları dəyərsiz sayıblar.
Elisabeth Lederer adlı bir qız həyatda qalmaq üçün Klimt'in adından istifadə edib. Və o, bir yalan uydurub. O, nasistlərə Klimtin — yəhudi olmayan və 1918-ci ildə vəfat etmiş məşhur rəssamın — guya onun atası olduğunu deyib. Klimtin illərlə onun portreti üzərində işləməsi bu yalanı daha inandırıcı göstərib.
Elisabeth nasistləri inandıra bilib və onlar ona Klimtdən gəldiyini təsdiqləyən sənəd veriblər. Bu sənəd ona 1944-cü ildə xəstəlikdən ölənə qədər Vyanada təhlükəsiz yaşamağa imkan verib.
Bu portret Avstriyalı rəssamın özəl mülkiyyətdə qalan nadir tam boy rəsmlərindən biridir və bu il vəfat edən Estée Lauder kosmetika imperiyasının varisi, milyarder Leonard A. Lauderin kolleksiyasına məxsus olub. Sotheby's-in məlumatına görə, Lauderin kolleksiyasından satılan beş Klimt əsəri ümumilikdə 392 milyon dollara (298 milyon funt sterlinq) alıcı tapıb. Hərracda, həmçinin Vincent van Qoq, Henri Matisse və Edvard Munk kimi məşhur rəssamların əsərləri də satılıb.
Mənbə: SKY news
Tərcümə etdi: Aydan Xudayarova
