Yeni araşdırma deja vu hissinin insanlarda gələcəyi “bilirmiş” kimi yanlış bir təsəvvür yarada biləcəyini göstərir. Məlum olub ki, insanlar yeni bir mühitdə tanışlıq hissi duyduqda nəticəni tam proqnozlaşdıra bilməsələr belə, növbəti anda nə baş verəcəyini bildiklərini düşünürlər.
Tədqiqat "Consciousness and cognition" jurnalında dərc edilib.
Psixoloqlar uzun illərdir deja vu-nun mahiyyətini araşdıraraq bir insanın heç vaxt qarşılaşmadığını bildiyi bir vəziyyətin niyə kəskin şəkildə tanış görünə bildiyini anlamağa çalışırlar. Deja vu ilə tez-tez müşahidə olunan xüsusiyyətlərdən biri “proqnoz hissi” adlandırılan hadisədir. Bu, insanın qarşıdakı anın necə inkişaf edəcəyini və ya növbəti döngədə nə ilə qarşılaşacağını dəqiq bildiyinə dair güclü bir təsəvvürdür.
Əvvəlki tədqiqatlar tanışlıq hissinin intensivliyi ilə bu proqnoz hissinin gücü arasında əlaqə müəyyən edib. İnsanlar deja vu hissinin daha güclü olduğunu bildirdikdə, adətən gələcəyi “bildiklərini” daha güclü şəkildə qeyd edirlər.
Lakin əvvəlki araşdırmalar əsasən korrelyativ xarakter daşıyıb, yəni tanışlıq hissinin həqiqətən proqnoz hissinə səbəb olduğunu qəti şəkildə sübut etməyib. Onlar bildiriblər ki, bu əlaqə iştirakçılara deja vu barədə birbaşa sual verildiyi üçün formalaşıb, nəticədə, onlar fenomen haqqında geniş yayılmış təsəvvürlərə uyğun cavablar təqdim ediblər.
Yeni tədqiqatın müəllifləri Cənubi Missisipi Universitetindən Endrü Hyubert, Minnesota Dövlət Universiteti (Mankato) əməkdaşı Sara Myers və Kolorado Dövlət Universitetindən Enn Kliri tanışlıq hissinin özünün bu prosesdə səbəbedici rol oynayıb-oynamadığını müəyyənləşdirməyi hədəfləyiblər.
Mənbə: PsyPost
Təcümə etdi: Emiliya Vəlicanova
