Bu gün:

Mənfi düşüncələr hər zaman zərərli olmaya bilir


Psixoloqlar birdirirlər ki, insanın öz-özünə danışığı onun emosional sağlamlığını, qərarvermə qabiliyyətini və hətta beyin fəaliyyətini formalaşdırır. Əvvəllər mənfi daxili dialoqu zərərli hesab edən tədqiqatçılar indi fərqli nəticələrə gəlirlər.

Heç öz beyninizdə dayanmadan sizi izləyən bir səsə nəzər yetirmisiniz? Bəzən sizi ruhlandırır, bəzən isə keçmişdə etdiyiniz hər səhvi bir-bir xatırladır. İlki müsbət, ikincisi isə mənfi öz-özünə danışıqdır. Biz hamımız gün ərzində bu daxili səsin hekayəsini dinləyirik. Bu hekayə isə uşaqlığımızdan bəri öyrəndiklərimiz, eşitdiklərimiz və yaşadıqlarımızla formalaşır.

O səs illərlə topladığınız təcrübələrin və başqalarından aldığınız rəylərin məhsuludur. Uşaqlıqda sizə necə danışırdılar? Daha çox təriflənirdiniz, yoxsa tənqid olunurdunuz? Özünüzdən gözlədiyiniz standartlar haradan yaranır? Bütün bunlar səssizcə bu günkü daxili sənin tonunu müəyyənləşdirir. Bəzən bu səs sizi irəli aparan bir məşqçi, bəzən isə dayanmadan qüsurlarınızı göstərən amansız bir hakim rolunu oynayır.

2021-ci ildə Scientific Reports jurnalında dərc olunan bir araşdırma bu daxili dialoqun, yəni özümüzlə danışma tərzimizin beynin fəaliyyəti və idrak qabiliyyətinə necə təsir etdiyini öyrənib. Alimlər iki növ öz-özünə danışığı müqayisə ediblər: özünə hörmət (müsbət danışıq) və özünütənqid (mənfi danışıq). Bunun üçün fMRI beyin görüntüləməsi və problem həll etmə testi istifadə olunub.

Nəticələr iki əsas məqamı ortaya qoyub:

    •    Özünütənqid, yəni mənfi danışıq ikinci mərhələdə daha yaxşı nəticə göstərməyə səbəb olub. Görünür, bu tənqid insanda daxili bir oyanış, diqqət artımı və motivasiya yaradıb. İnsanlar özlərini danladıqdan sonra daha ayıq və cəmlənmiş olublar.

    •    Özünəhörmət isə beyində planlaşdırma, məntiq yürütmə və qərarvermə kimi icraedici funksiyaları gücləndirib. Amma eyni zamanda bir növ yalançı inam da yaradıb. Belə ki, insanlar özlərini real cəhdlərindən daha bacarıqlı hiss ediblər.

Mənbə: Forbes

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et