Bu gün:

Demək olar ki, vergisi olmayan bir ölkə: Hamı ora köçür


Əcnəbilərə yalnız 15% vergi tətbiq edən Malta son illərdə həm işçilər, həm də təqaüdçülər üçün Avropanın ən cəlbedici ölkələrindən birinə çevrilib.

Aralıq dənizinin ortasında yerləşən bu kiçik ada dövləti günəşli havası, dinc həyatı və aşağı vergi dərəcələri ilə dünyanın hər yerindən yeni sakinləri cəlb edir. Xüsusilə Avropalı mütəxəssislər və təqaüdçülər arasında ölkə getdikcə daha çox populyarlıq qazanır.

Ada həyatı həm rahat, həm də tanışdır

Malta ildə orta hesabla 300 günəşli günə malikdir. Noyabrda belə temperatur nadir hallarda 20°C-dən aşağı düşür. Paytaxt Valletta tarixi irsi, Aralıq dənizi mənzərələri və müasir infrastrukturu ilə Avropanın ən yaşanılacaq şəhərlərindən biri hesab olunur.

İngiltərədən köçən Luiza və Kevin Börli Maltadakı həyatı “rahat və tanış” kimi təsvir edirlər:

“Sol tərəfdə tıxaclar var, qırmızı poçt qutuları var və hətta küncdə HSBC filialı da tapa bilərsiniz. Bu, İngiltərənin günəşli versiyası kimidir”. 

Əcnəbilər üçün vergi üstünlükləri

Maltanın vergi rezidentliyi proqramı ölkəyə köçən əcnəbilərə mühüm üstünlüklər verir. Xaricdən əldə edilən gəlirlərə yalnız 15% vergi tətbiq olunur. Bundan əlavə, miras, sərvət və ya əmlak vergiləri mövcud deyil.

Beynəlxalq vergi mütəxəssisi Ceymi Favell bu barədə deyir:

“Vergi sistemi sadə, şəffaf və investorlar üçün çox əlverişlidir. Buna görə də minlərlə insan Maltanı seçir”. 

Bu səbəbdən ada dövləti son illərdə Avropanın “vergi cənnəti” kimi tanınır.

Əcnəbilər üçün əlavə rahatlıq

Malta 1964-cü ilə qədər Birləşmiş Krallığın bir hissəsi olub. Buna görə də burada həm malta, həm də ingilis dilləri rəsmi dillərdir ki, bu da əcnəbilər üçün böyük üstünlük yaradır.

Bürokratiya sadə, səhiyyə sistemi əlçatan, cinayətkarlıq səviyyəsi isə olduqca aşağıdır. Bütün bu amillər Maltanı həm işləmək, həm də sakit həyat sürmək istəyənlər üçün ideal məkana çevirir.

https://www.sozcu.com.tr/neredeyse-hic-vergisi-olmayan-ulke-herkes-oraya-tasiniyor-p257975

Mənbə: Sözcü

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et