Mükəmməliyyətçilik nədir?
Mükəmməliyyətçilik həyatı nailiyyətlər və ya görünüşlər üzərində qurulan sonsuz bir hesabat kartına çevirən xüsusiyyətdir. Sağlam formada olduqda, bu keyfiyyət insanı motivasiya edə bilər, çətinliklərin öhdəsindən gəlməyə və uğur qazanmağa kömək edə bilər. Lakin sağlam olmayan mükəmməliyyətçilik tez-tez bədbəxtliyə aparan sürətli və davamlı bir yoldur.

Həddindən artıq mükəmməliyyətçiliyi bu qədər zərərli edən odur ki, belə insanlar uğur qazanmaq istəsələr də, diqqətlərini əsasən uğursuzluqdan qaçmağa yönəldirlər. Bu da mənfi oriyentasiyaya səbəb olur. Onlar qeyd-şərtsiz sevgiyə inanmaz, başqalarının sevgisini və qəbulunu yalnız qüsursuz performansla qazanacaqlarına inanırlar.
• Mükəmməliyyətçilik nəyə səbəb olur?
• Mükəmməliyyətçiliyin təhlükələri
• Mükəmməliyyətçiliyi necə aradan qaldırmaq olar?
Mükəmməliyyətçilik nəyə səbəb olur?
Mükəmməliyyətçilik, ilk növbədə, uğursuzluqdan və sərt mühakimədən qaçmaq istəyi kimi daxili təzyiqlərdən qaynaqlanır. Bunun sosial tərəfi də var. Son 30 ildə gənclər arasında mükəmməliyyətçilik meylləri xeyli artıb. Daha böyük akademik və peşəkar rəqabət, sosial medianın yayılması və onun yaratdığı zərərli sosial müqayisələr bu artımda mühüm rol oynayır.
Bir insanın mükəmməliyyətçi olduğunu göstərən əlamətlər hansılardır?
Mükəmməliyyətçilər həm özləri, həm də başqaları üçün real olmayan yüksək gözləntilər qoyurlar. Onlar səhvləri tez görür, özlərini və digərlərini sərt tənqid edirlər.
Uğursuzluq qorxusuna görə layihələri təxirə salmağa meyllidirlər. Komplimentləri qəbul etməkdə çətinlik çəkir, uğurlarını qeyd etməyi unudurlar və təsdiqi başqalarının fikirlərində axtarırlar.
Mükəmməliyyətçiliyin növləri hansılardır?
Mükəmməliyyətçilik üç formada təzahür edir:
1. Özünə yönəlmiş mükəmməliyyətçilik — insanın özündən qeyri-real dərəcədə mükəmməl olmağı tələb etməsi;
2. Başqalarına yönəlmiş mükəmməliyyətçilik — digərlərindən qeyri-real standartlar gözləmək;
3. Sosial olaraq təyin edilmiş mükəmməliyyətçilik — başqalarının ondan mükəmməl olmağı gözlədiyinə inanmaq.
Mükəmməliyyətçilik ruhi xəstəlikdirmi?
Mükəmməliyyətçilik, özü-özlüyündə psixi pozğunluq olmasa da, bir çox ruhi xəstəliklərdə, xüsusilə obsesif-kompulsiv pozğunluq (OKB) və obsesif-kompulsiv şəxsiyyət pozğunluğu kimi hallarda əsas xarakter xüsusiyyətlərindən biridir. Həddindən artıq olduqda, insanın həyat keyfiyyətini ciddi şəkildə poza bilər.
Mükəmməliyyətçiliyin təhlükələri
Mükəmməllik idealı əslində reallıqda mümkün olmayan bir anlayışdır.
Bu idealın ardınca getmək insanı çətinliklərdən qaçmağa, sərt düşüncəyə, zəhərli müqayisələrə və yaradıcılıq çatışmazlığına aparır.
Uyğunsuz mükəmməliyyətçilik çox vaxt uğursuzluq qorxusu, özünü dəyərsiz hiss etmək, aşağı özünə hörmət və mənfi uşaqlıq təcrübələri ilə bağlı olur.
Tez-tez depressiya, narahatlıq, yemək pozğunluqları, OKB və hətta intihar meylləri ilə müşayiət edilir.
Mükəmməliyyətçilik nə vaxt müsbət ola bilər?
Mükəmməliyyətə can atmaq ilə mükəmməliyyət tələb etmək arasında fərq var.
Müsbət (adaptiv) mükəmməliyyətçilər yüksək məqsədlər qoyur, standartlarını qoruyur və inkişafdan zövq alırlar.
Uyğunsuz mükəmməliyyətçilər isə uğursuzluq qorxusunun əsiri olurlar.
Birincilər üçün mükəmməliyyətçilik güc mənbəyidir, ikincilər üçün isə zəiflik yaradır.
Mükəmməliyyətçiliyə necə qalib gəlmək olar?
• Müqayisə düşüncəsindən uzaqlaşın. Hər kəsin öz yolu var;
• Zehinlilik (mindfulness) təcrübələri edin, hazırda yaşamağı öyrənin;
• Özünüzlə şəfqətli davranın. Daxili tənqidçinizlə deyil, daxili dostunuzla danışın;
• Mənfi mühakimələrə meydan oxuyun. Hər cəhd mükəmməl olmasa belə, dəyərli ola bilər.
https://www.psychologytoday.com/us/basics/perfectionism/amp
Mənbə: Psychologytoday
Tərcümə etdi: Aişə Əlizadə
