Bu gün:

Zorakılıq və səbəbləri


Zorakılıq nədir?


Zorakılığı adətən niyyəttəkrar və güc kimi üç əsas xüsusiyyətlə müəyyən etmək olar. Zorakılıq edən şəxs qarşı tərəfə fiziki və ya psixoloji ağrı vermək niyyətində olur, bunu təkrar-təkrar edir və çox vaxt güc mövqeyindən çıxış edir.

Ümumilikdə, oğlanlar daha çox fiziki, qızlar isə psixoloji zorakılığa məruz qalırlar.

Zorakılıq tək bir hadisə deyil, davamlı davranış nümunəsidir. Belə uşaqlar çox vaxt özlərini daha güclü, populyar və ya üstün hesab edirlər.


Ən çox zorakılığa məruz qalanlar isə həssas və müdafiəsiz uşaqlardır: sosial təcrid olunmuş icmalardan olanlar, maddi imkanı zəif ailələrdən gələnlər, fərqli gender kimliyinə sahib, əlil, miqrant və ya qaçqın uşaqlar.


Zorakılıq şəxsi (üzbəüz) və ya onlayn (kiberzorakılıq) formada baş verə bilər. Kiberzorakılıq sosial şəbəkələr, mesajlar, e-poçt və digər onlayn platformalar vasitəsilə həyata keçirilir. Valideynlər uşaqlarının bu platformalardakı davranışlarını həmişə izləyə bilmədiklərindən, bəzən zorakılığın baş verdiyini anlamaq çətin olur.


Uşağım zorakılığa məruz qalırsa, niyə müdaxilə etməliyəm?


Zorakılıq uşağın emosional, fiziki və psixoloji sağlamlığına ciddi zərər verə bilər. Bu, depressiya, narahatlıq, maddə asılılığı və oxuma motivasiyasının azalması kimi nəticələrə gətirib çıxara bilər.


Kiberzorakılığın fərqi ondadır ki, o, istənilən yerdə və istənilən vaxt uşağa çata bilər. Bu, həm daha dağıdıcı olur, həm də çox geniş auditoriyaya yayıla və uzun müddət onlayn qalaraq iz buraxa bilər.


Hər bir uşağın təhlükəsiz, hörmətli və zorakılıqdan uzaq təhsil mühiti hüququ var. Zorakılıq bu hüququ pozur və buna göz yumulmamalıdır.


Zorakılığın qarşısını necə almaq olar?

    1.    Uşağınızı maarifləndirin.

Ona zorakılığın nə olduğunu izah edin ki, həm özünə, həm də başqalarına qarşı edilən zorakılığı tanıya bilsin;

    2.    Daim ünsiyyətdə olun.

Uşağınızla gündəlik danışın, təkcə dərsləri barədə deyil, hissləri haqqında da soruşun. Açıq ünsiyyət etibar yaradır;

    3.    Müsbət rol modeli olmağa təşviq edin.

Uşağınıza empati, hörmət və mərhəmət hissi aşılayın. Zorakılığın şahidi olarsa, qurbanı müdafiə etməyə təşviq edin;

    4.    Uşağınızın özünə inamını artırın.

Onu sevdiyi fəaliyyətlərə qoşulmağa təşviq edin. Bu, həm də ortaq maraqları olan dostlar qazanmasına kömək edəcək;

    5.    Nümunə olun.

Öz davranışlarınızla mehribanlıq və hörmət nümayiş etdirin. Uşaqlar valideynlərini izləyir və onlardan öyrənirlər;

    6.    Onların onlayn təcrübəsində iştirak edin.

Uşağınızın istifadə etdiyi platformaları tanıyın və onu internetdə üzləşə biləcəyi risklər barədə məlumatlandırın.


Uşağımın zorakılığa məruz qaldığını necə anlaya bilərəm?


Bəzi uşaqlar baş verənləri danışmaqda çətinlik çəkirlər. Ona görə də emosional və davranış dəyişikliklərinə diqqət yetirmək vacibdir. Aşağıdakı əlamətlər xəbərdarlıq ola bilər:

        İzah olunmayan xəsarətlər, çürüklər və ya yaralar;

        Məktəbə getməkdən qorxmaq;

        Narahat, əsəbi və ya sayıq davranış;

        Dostlarını itirmək və ya tək qalmaq istəyi;

        Geyim, telefon və ya şəxsi əşyaların itməsini bəhanə etmək;

        Pul istəmək və ya əşyalarının zədələnməsi;

        Akademik göstəricilərin aşağı düşməsi;

        Kabuslar, yuxusuzluq, baş və mədə ağrıları;

        İnternetdə vaxt keçirdikdən sonra əsəbiləşmək və ya kədərli olmaq. 


Açıq ünsiyyət yaradın ki, uşağınız başına gələnləri rahatlıqla danışa bilsin.


Uşağım zorakılığa məruz qalırsa, nə etməliyəm?

    1.    Uşağınızı sakit şəkildə dinləyin.

Onu günahlandırmadan və tənqid etmədən dinləyin. Sadəcə, eşitdiyinizi və dəstək olduğunuzu hiss etdirin;

    2.    Uşağınızı əmin edin.

Ona inandığınızı, onun günahkar olmadığını və kömək üçün yanınızda olduğunuzu deyin;

    3.    Məktəblə əlaqə saxlayın.

Zorakılıqla təkbaşına mübarizə aparmaq lazım deyil. Məktəbin rəhbərliyi ilə danışın, mövcud qaydaları və tədbirləri öyrənin;

    4.    Dəstək olun.

Uşağınızın yanında olduğunuzu daim hiss etdirin və onun emosional bərpasına kömək edir.


Uşağım başqalarına zorakılıq edirsə, nə etməliyəm?


Əgər uşağınızın zorakılıq etdiyini bilirsinizsə, bu, onun pis uşaq olduğu mənasına gəlmir. Çox vaxt belə uşaqlar diqqət və ya qəbul axtarır, yaxud emosiyalarını idarə etməkdə çətinlik çəkirlər.

    1.    Ünsiyyət qurun.

Niyə belə davrandığını anlamağa çalışın. Bəlkə, məktəbdə özünü gücsüz hiss edir ya da evdə gərginlik yaşayır;

    2.    Sağlam davranış üsulları öyrədin.

Qəzəb və məyusluqla necə baş etməli olduğunu müzakirə edin. Empati hissini gücləndirin;

    3.    Öz davranışlarınıza baxın.

Uşaqlar çox vaxt evdə gördüklərini təkrarlayırlar. Öz münasibət tərzinizi də dəyərləndirin;

    4.    Məsuliyyət və düzəliş imkanı verin.

Zorakılığın nəticələrini anlamasına kömək edin, zərər verdiyi şəxsdən üzr istəməyə təşviq edin və davranışlarını dəyişməsi üçün dəstək olun.


Mənbə:  Psychologytoday

Tərcümə etdi: Aişə Əlizadə

Paylaş
Şərh əlavə et