Bu gün:

Dünyanı piyada gəzən şəxs Manş Tunelində çətinliklə qarşılaşıb


1998-ci ildə Çilidən yola çıxan 56 yaşlı sabiq paraşütçü Karl Buşbi nəqliyyatsız şəkildə dünyanı piyada gəzərək 36.000 millik səyahətini başa vurmaq üzrədir. O, Berinq boğazını keçib, Xəzər dənizini üzərək adlayıb və indi Macarıstanın Budapeşt şəhərinə yaxınlaşır. Sentyabrda doğma şəhəri Hull-a çatmağı planlaşdırır.

Lakin Manş Tunelindən keçmək üçün icazə almaqda çətinlik çəkir. Öz qaydalarına görə, o, heç bir mexanik nəqliyyat vasitəsindən, o cümlədən bərələrdən istifadə edə bilməz. Buna görə də əgər icazə verilməsə, Fransadan İngiltərəyə üzəcəyini deyib: “Əgər üzmək məcburiyyətində qalsam, üzəcəm, amma bu, Xəzərdən daha soyuq olacaq”. 

Keçən il o, Xəzər dənizini 300 km məsafədə üzərək keçib- bunu bacaran ilk insan olub. O, həm də Çilidə bir həkimin ona verdiyi məktubu Avstriyanın Vyana şəhərinə çatdırmağı planlaşdırır.

Macərasının sonuna yaxınlaşan Buşbi bunu həm sevinc, həm də qorxu ilə qarşılayır: “Adi həyata qayıtmaq çətin olacaq, amma yeni məqsəd tapmaq əsasdır”.

O, səyahəti boyunca insanlığa olan inamını qoruyub saxladığını deyir: “Dünyanın 99,99%-i yaxşı insanlardır. Hətta ən kasıb yerlərdə belə mehriban və səxavətli insanlar tapdım – Peruda kartondan evlərdə yaşayan ailələr mənimlə bir kasa düyülərini paylaşdılar”.

Mənbə: BBC news

Tərcümə etdi: Asiya Zeynallı

Paylaş
Şərh əlavə et