Bu gün:

Fokus və konsentrasiya: Diqqəti necə gücləndirmək olar?


Diqqət və konsentrasiyanı mənimsəmək çətin ola bilər. Səs-küylü, davamlı bildirişlərlə dolu dünyada yaşadığımız üçün diqqəti saxlamaq hər zamankindən daha mürəkkəbdir. Xoşbəxtlikdən, elmi araşdırmalar və sınaqdan keçmiş metodlar fokus qabiliyyətini artırmaqda kömək edir.

Fokus nədir və necə işləyir? 


Fokus — marağını və ya fəaliyyətini bir istiqamətə yönəltmək qabiliyyətidir. Diqqəti bir şeyə cəmləmək üçün digər variantlardan imtina etməlisən. Yəni, “bəli” dediyin hər bir şey digər çoxsaylı “yox”ların hesabına mümkündür.


Tim Ferrissin dediyi kimi:


“Nə etmədiyin, nə edə biləcəyini müəyyənləşdirir.”


Diqqət daimi yox, indiki an üçün “yox” deməkdir. Bu da məhsuldarlığın əsasını təşkil edir.


Niyə fokuslana bilmirik?


Problem çox vaxt diqqətdə deyil, qərarvermədədir. İnsanlar əksər hallarda nəyi etməli olduqlarına qərar verə bilmədikləri üçün diqqətləri dağılır. Təxirə salınan işlər yalnız son tarix yaxınlaşdıqda həyata keçir. Bu isə fokusun deyil, məcburiyyətin nəticəsidir.


Multitasking mifi


Multitasking (bir anda bir neçə iş görmək) effektli görünə bilər, amma reallıqda diqqəti parçalayır. Beyin eyni anda iki işə fokuslana bilmir, sadəcə çox sürətli şəkildə birindən digərinə keçir.


Bu keçidlər “keçid dəyəri” adlanır və məhsuldarlığı azaldır. Məsələn, 2003-cü ildə aparılan bir araşdırmaya görə, hər dəfə e-poçtu yoxladıqdan sonra insanın əvvəlki işinə tam qayıtması üçün orta hesabla 64 saniyə tələb olunur.


Yəni, hər dəfə diqqətin yayınanda, bir dəqiqəni itirirsən.


Uorren Baffetin “2 Siyahı” Strategiyası


Warren Buffett fokuslanmaq üçün sadə, lakin güclü üsuldan istifadə edir:

    1.    Ən vacib 25 hədəfini yaz;

    2.    Onlardan 5-ni seç və dairəyə al;

    3.    Qalan 20 hədəfi “mütləq qaçın” siyahısına sal.


Bu, diqqəti yalnız həqiqətən vacib olanlara yönəltməyə kömək edir. Çünki “bütün vacib şeylər” bərabər dərəcədə vacib deyil.


Diqqəti artırmaq üçün iki əsas addım


1. Nəticələri ölç

Nəyi ölçürüksə, onu inkişaf etdiririk. Ölçmə bizə rəy verir və diqqəti canlı saxlayır.

        Oxuma vərdişini izlədikdə daha çox kitab oxuyarsan;

        İdman nəticələrini qeyd etdikdə daha çox motivasiya hiss edərsən;

        Vaxtın hara sərf olunduğunu yazdıqda, nəyi dəyişməli olduğunu daha yaxşı anlarsan.


Rəqəmlər mühakimə deyil, sadəcə güzgüdür.


2. Hadisəyə deyil, prosesə fokuslan

Uğur bir “hadisə” deyil, prosesdir.

Arıqlamaq, kitab yazmaq, biznes qurmaq — bunların hamısı davamlı əməyin nəticəsidir.

Əgər nəticəyə deyil, prosesi sevməyə fokuslansan, uzunmüddətli motivasiyanı qoruyarsan.


Konsentrasiyanı artırmaq üçün sadə “mind-hack”lər

        Bir əsas prioritet seç. Günün ən vacib bir tapşırığını müəyyən et və onu tamamlamadan başqa işə keçmə;

        Vaxtı deyil, enerjini idarə et. Ən çox enerji toplayan saatlarda yaradıcılıq və düşüncə tələb edən işlərə başla;

        Səhərlər e-poçtu yoxlama. Günün əvvəlini başqalarının planı ilə deyil, öz məqsədlərinlə başla;

        Telefonu uzaqda saxla. Bildirişlər diqqətin ən böyük düşmənidir;

        Tam ekran rejimində işləyin. Görmədiyin şey səni yayındıra bilməz;

        Səhər ən vacib işi et. Hələ heç nə səni bölməmişkən, zehni enerjini önəmli işə yönəlt.


Yekun düşüncə


İstənilən strategiyadan istifadə etsən də, əsas prinsip eynidir:

Bir anda yalnız bir şeyə sadiq qal.

Uğura dərhal çatmağa ehtiyac yoxdur. Ən vacibi başlamaqdır.


https://jamesclear.com/focus


Mənbə: Jamesclear 

Tərcümə etdi: Aişə Əlizadə 

Paylaş
Şərh əlavə et