Bu gün:

Alimlər beynin tarazlığını bərpa edərək narahatlığı azaldıblar


Alimlər müəyyən ediblər ki, amiqdalada həddindən artıq aktiv olan neyronlar narahatlıq və sosial uzaqlaşmanı gücləndirir. Bu neyronların fəaliyyətinin tarazlanması isə siçanlarda həmin təsirləri tamamilə aradan qaldırıb. Tədqiqat əhval pozğunluqlarının müalicəsində daha hədəfli və yerli yanaşmaların inkişafına yol aça biləcək konkret bir sinir mexanizmini üzə çıxarır.

“Biz artıq bilirdik ki, amiqdala qorxu və narahatlığın formalaşmasında əsas rol oynayır. Amma indi elə bir neyron qrupunu müəyyənləşdirmişik ki, yalnız onların fəaliyyətindəki tarazlıq pozulduqda belə, patoloji davranışlar yaranır”, - deyə tədqiqat rəhbəri Xuan Lerma izah edir.

Onun komandası Grik4 geninin aktivliyini artıran genetik olaraq dəyişdirilmiş siçan modeli üzərində çalışıb. Bu gen GluK4 tipli qlutamat reseptorlarının istehsalını çoxaldır və nəticədə neyronların həssaslığını artırır. Lerma laboratoriyası tərəfindən hələ 2015-ci ildə yaradılan bu siçanlarda insanlardakı autizm və ya şizofreniyaya bənzər şəkildə narahatlıq və sosial uzaqlaşma əlamətləri müşahidə olunub.

Tədqiqatçılar Grik4 geninin ifadəsini yalnız bazolateral amiqdaladakı neyronlarda normallaşdırmağı bacarıblar. Bu müdaxilə centrolateral amiqdalada yerləşən və “müntəzəm atəşləyici neyronlar” adlanan inhibitor hüceyrələrlə normal əlaqəni bərpa edib. “Sadəcə bu kiçik düzəliş həm narahatlıq davranışlarını, həm də sosial problemləri tamamilə geriyə çevirdi - bu, həqiqətən heyrətamiz nəticədir", - deyə tədqiqatın ilk müəllifi Alvaro Qarsiya qeyd edir.

Komanda siçanların davranışlarını elektro-fizioloji ölçmələr və bir sıra davranış testləri vasitəsilə izləyib. Bu testlər heyvanların açıq və qapalı məkanlara üstünlüyünü, yad siçanlara marağını və sosial qarşılıqlı əlaqə səviyyəsini qiymətləndirib. Genetik mühəndislik və virus əsaslı metodlardan istifadə edən alimlər bazolateral amiqdaladakı disbalansı dəqiqliklə düzəldərək, həm neyron fəaliyyətində, həm də davranışda baş verən dəyişiklikləri izləyə biliblər.

Mənbə: Science Daily

Tərcümə: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et