İnsan fəaliyyəti ilə bağlı doktorluq araşdırmamın əsas istiqamətlərindən biri kimi, bir çox əqli cəhətdən güclü və dözümlü idmançılarla müsahibələr apardım. Onları fərqləndirən əsas cəhət, çətinlikləri qəbul etmək və emosional tarazlıqlarını qorumaq bacarığı idi. Ən başlıcası, bu insanlar həm zehni, həm də fiziki baxımdan ağır dövrlərə açıq yanaşır, onları inkar etmədən qəbul etməyi bacarırdılar(Sutton, 2019).

Zehni güc yalnız idman sahəsində deyil, həyatın müxtəlif istiqamətlərində də özünü göstərir: məsələn, ədalətli bir dünya uğrunda mübarizə aparan vətəndaş hüquqları fəalı, xəstə övladına ən yaxşı müalicəni təmin etməyə çalışan valideyn və ya işdən çıxarılma ilə üzləşən, lakin möhkəm qalan işçi bu gücün müxtəlif formalarına nümunə ola bilər (Clough və başq., 2021).
Bu məqalədə zehni gücün mahiyyəti, onun faydaları, əqli cəhətdən güclü insanların xüsusiyyətləri və bu keyfiyyətin inkişaf yolları müzakirə olunur. Həmçinin zehni möhkəmliyi artırmaq üçün elmi əsaslı məşqlər və metodlar, uşaqlarda zehni dözümlülüyün formalaşdırılması üçün tövsiyələr, eləcə də bu sahəyə dair əsas mənbələr təqdim edilir.
“Əqli Cəhətdən Güclü” olmağın nüansları
Psixoloji ədəbiyyatda “əqli güc” anlayışının yekdil və dəqiq tərifi mövcud olmasa da, o, zehni möhkəmlik və dözümlülük anlayışları ilə sıx əlaqələndirilir.
Zehni güc — fərdlərə, cütlərə və ya qruplara çətinliklər qarşısında uyğunlaşmaq, inkişaf etmək və rifahlarını qorumaq imkanı verən idrak, emosional və davranış bacarıqları toplusudur (Clough və başq., 2021; Sheard, 2013).
Bu, hərəkət yönümlü düşüncə tərzi tələb edir. Whitehead və Peckham (2022, s. 220) qeyd edirlər ki: “daha möhkəm və əqli cəhətdən güclü olmağa qərar verdiyimiz zaman, biz əzmli və qətiyyətli bir yanaşma tətbiq etmiş oluruq”.
Zehni güc, çox vaxt zehni sərtlik (mental toughness) anlayışı ilə eyni kontekstdə işlədilir. Psixoloqlar onu həyatın tələblərinə qarşı dayanıqlılığı artıran çoxölçülü psixoloji konstruksiya kimi izah edirlər. Bu xüsusiyyət insana davamlılıq, bərpaolunma qabiliyyəti və məqsədyönlü davranış üçün yeni imkanlar yaradır (Sutton, 2019).
Əlaqəli anlayışlar
Əqli cəhətdən güclü olmaq ilə sadəcə “güclü təfəkkürə” malik olmaq arasında incə fərq mövcuddur.
Güclü təfəkkürə malik fərd çox vaxt dünyagörüşündə sabit və dəyişməz olur.
Bunun əksinə olaraq, zehni cəhətdən güclü insan, özünü və qabiliyyətlərini tanıyır, amma dəyişməyə açıqdır. Maneələr qarşısında dayanmaq əvəzinə, irəliləməyi və öyrənməyi üstün tutur. Bu, böyümə yönümlü zehniyyətin (growth mindset) əsas xüsusiyyətlərindəndir (Dweck, …).
https://positivepsychology.com/mentally-strong/
Mənbə: Positivepsychology
Tərcümə etdi: Aişə Əlizadə
