İllər boyu aparılan araşdırmalar göstərir ki, insanın həyatı boyunca xoşbəxtliyi “U” formasında dəyişir: gənclikdə yüksəlir, orta yaşda azalır, sonra isə yenidən artmağa başlayır. Eyni hal bədbəxtliklə bağlı tədqiqatlarda da özünü göstərir - orta yaş dövründə zirvəyə çatır, sonra tədricən azalır.

Lakin 44 ölkəni, o cümlədən ABŞ və Böyük Britaniyanı əhatə edən yeni araşdırma bu tanış mənzərəni alt-üst edib. Artıq bədbəxtliyin zirvəsi gənclər arasında müşahidə olunur və yaş artdıqca azalır. Bu dəyişiklik yaşlı insanların daha xoşbəxt olmasından yox, gənclərin mənəvi sağlamlığının pisləşməsindən qaynaqlanır.
ABŞ-dən toplanmış məlumatlar bunu aydın şəkildə göstərir. 1993-2024-cü illəri və hər il 400 mindən çox insanı əhatə edən ictimai səhiyyə sorğularına əsaslanaraq, “ümidsizlik içində olanlar”ın faizi müəyyən olunub. Bu qrupa son 30 günün hər günündə “özümü psixoloji cəhətdən yaxşı hiss etmədim” deyənlər daxildir.
Dövrün böyük hissəsində həm qadınlar, həm də kişilər arasında ən yüksək ümidsizlik səviyyəsi yaşca böyük insanlar, yəni 45-70 yaş qrupu arasında müşahidə olunur. Orta yaşlılarda (25–44) bu göstərici gənclərlə (18–24) müqayisədə bir qədər yüksəkdir.
Lakin son illərdə gənclərin ümidsizlik səviyyəsi sürətlə yüksəlib. Kişilər arasında bu rəqəm iki dəfədən çox artaraq 1993-cü ildəki 2,5%-dən 2024-cü ildə 6,6%-ə çatıb. Qadınlar arasında isə artım daha kəskindir - 3,2%-dən 9,3%-ə qədər, yəni təxminən üç dəfə çoxalıb.
Mənbə: PsyPost
Tərcümə etdi: Emiliya Vəlicanova
