Bu gün:

"Yeniyetmələrdə aqressiya müstəqillik arzusu və anlaşılmamağın nəticəsidir"


24media.az-ın budəfəki müsahibi psixoloq Mətanət Əliyevadır. O, bizimlə söhbətdə yeniyetmələrdə aqressiv davranışların səbəbləri, sosial təsirlər və emosiyaların idarə olunmasının yolları barədə danışıb.

 -Yeniyetmələrdə aqressiv davranışların əsas səbəbləri hansılardır?

Yeniyetmələrdə davranış müəyyən bir səviyyədə normal xarakter daşıyır, çünki yeniyetməlik dövrü keçid dövrüdür və bu dövrün xüsusiyyətlərindən biri aqressiya səviyyəsinin nisbətən artmasıdır. Bunu da nəzərdə saxlamalıyıq ki, bu, inkişaf dövrünün həssas bir mərhələsidir. Bu dövrdə hormonal dəyişikliklər baş verir, şəxsiyyətin formalaşması prosesi daha sürətli gedir, uşaqlarda tez-tez müstəqillik arzusu yaranır və bu da təbii ki, özü ilə bərabər gərginlik yaradır.

Ümumiyyətlə, yeniyetmələrdə aqressiyanın yaranma səbəbləri fərqli ola bilər. Birinci səbəblərdən biri ailə ilə münasibətlərdəki gərginlikdir. Ailədə kifayət qədər diqqət görməmə və yaxud anlaşılmama, eyni zamanda məktəbdə də təzyiq görmə, sosial ədalətsizlik, yaşıdları ilə düzgün əlaqə qura bilməmə kimi hallar aqressiyanın yaranmasına gətirib çıxara bilir. Burada hormonal dəyişiklikləri də vurğulamaq lazımdır, yəni xüsusilə cinsi inkişaf dönəmində yeniyetmə yeni bədənə adaptasiya olmalıdır, bədəndə gedən dəyişikliklərə uyğunlaşmalıdır. Bu dəyişikliklər təkcə fizioloji yox, həm də psixoloji olaraq da baş verir.

Müasir dövrdə ən əsas səbəblərdən biri də sosial mediadır. Zorakılığı normallaşdıran oyunlar, uşaqların izlədiyi videolardır. Bunlar da yeniyetmənin davranışına təsir göstərir və təbii ki, yeniyetmələr burada olan hərəkətləri, halları real həyatda təkrarlaya bilir.

-Yeniyetmələr öz emosiyalarını idarə etməkdə çətinlik çəkdikdə, siz hansı üsulları tövsiyə edirsiniz?

Psixoloq olaraq mənim yanaşmam budur ki, əvvəlcə emosiyaların tanınması və adlandırılması önəmlidir. Uşaq və ya yeniyetmə öz duyğularını anlamalı, “mən qəzəbliyəm” deməyi və bu qəzəbin səbəbini müəyyən etməyi bacarmalıdır.

Biz psixoloqların uşaqlarla və yeniyetmələrlə işləyərkən ən çox istifadə etdiyi metodlardan biri arterapiyadır. Bu üsul daxili gərginliyin ifadə olunmasına kömək edir. Yeniyetmələrin heykəltaraşlıq, rəsm kimi incəsənət sahələrinə yönəlməsi emosiyaların idarəsində çox effektiv ola bilər.

Terapiya prosesində istifadə etdiyimiz və yeniyetmələrə də öyrətdiyimiz digər üsullardan biri nəfəs və relaksasiya texnikalarıdır. Xüsusilə emosional partlayış və aqressiya anlarında bədəni sakitləşdirmək üçün çox faydalıdır. Bu texnikaları YouTube platformasında və maarifləndirici videolar vasitəsilə öyrənmək mümkündür.

Digər mühüm yanaşma zehni davranış üsullarıdır. Bu metod düşüncə, emosiya və davranış arasındakı əlaqəni anlamağa, impulsiv reaksiyaları idarə etməyə kömək edir. Yeniyetmə gündəlik öz hisslərini yaza, bu hisslərin onu nə dərəcədə narahat etdiyini və səbəblərini qeyd edə bilər.

Ailə və məktəbin əməkdaşlığı da mühüm rol oynayır. Valideyn və müəllimlər birgə şəkildə uşağı dəstəkləməlidirlər.

Yeniyetməlik dövrü bəzən “qasırğa dövrü” adlanır. Bu mərhələni uğurla keçən yeniyetmənin şəxsiyyəti müsbət istiqamətdə inkişaf edir, lakin bu dövrü çətinliklə başa vuranlarda müxtəlif psixoloji gərginliklər müşahidə oluna bilər. 

-Yeniyetmələrin dostları və sosial çevrəsi onların aqressiv davranışına necə təsir edir?

Yeniyetməlik dövrü elə bir mərhələdir ki, bu zaman valideyn və müəllimin təsiri qismən azalır, əsas rol isə həmyaşıdlara keçir. Yeniyetmələr bu dövrdə aidlik və qəbul olunma hissinə böyük ehtiyac duyurlar. Onlar müəyyən bir qrupa aid olmaq və orada qəbul edilmək istəyirlər.

Əgər yeniyetmə daxil olduğu qrupda müsbət dəyərlərlə: empatiya, əməkdaşlıq, paylaşma kimi xüsusiyyətlərlə qarşılaşırsa, bu onun sosial inkişafına müsbət təsir göstərir. Lakin əgər həmin qrupda aqressiv və impulsiv davranışlar normallaşdırılırsa, bu hallar sosial öyrənmə yolu ilə yeniyetməyə də keçə bilər.

Aqressiya bəzən müdafiə mexanizmi, bəzən də dostlara bənzəmə ehtiyacından qaynaqlana bilər.

Hazırladı: Sona Osmanova 

Paylaş
Şərh əlavə et