24media.az saytının ''1 sual 1 cavab'' rubrikasının budəfəki müsahibi psixoloq Əbdül Səlimlidir. O, gənclərdə siqaret asılılığının səbəbləri və bununla mübarizə yollarından danışıb.

Gənclər arasında siqaret asılılığının yaranmasının əsas psixoloji səbəbləri nələrdir?
-Siqaret asılılığının yaranmasının ən böyük səbəbi beyindəki “hədiyyə mərkəzi”nin serotonin və dopamin hormonlarının artışı ilə hərəkətə keçməsidir. Xoş söz eşitdikdə, kiçik hədiyyələr aldıqda, hətta yanacaqdoldurma məntəqəsindəki benzin qoxusunu hiss etdiyimizdə ani olaraq bizə həzz verdiyini anlayırıq. Həmçinin stresdən uzaqlaşdığımızı hiss etdiyimiz kimi nikotin, yəni siqaret istifadəsində də bu hormonlar artır, beynin hədiyyə mərkəzində bir oyanıqlıq müşahidə olunur və insan o anki stresdən uzaqlaşır, yüngül də olsa özünü biraz xoşbəxt hiss edir, sanki anda həmin həzzi yaşayır. Ona görə də insanlar bu kimi vasitələrdən istifadəni artırır. Yəni hər sıxıntıda, başımıza gələn hər stresdə biz siqaretə əl atırıq ,çünki siqaret digərlərinə nəzərən ən çox yayılmış və heç bir cəriməsi olmayan, ən rahat əldə edilə bilən maddədir.
Siqaret istifadəsində nikotin dopamin və serotonin hormonlarının artımına səbəb olur və biz stresdən, əsəbdən və həyatın sanki üzərimizə yüklədiyi yüklərdən bir anlıq da olsa uzaqlaşmağı bacarırıq.
Asılılıq yaradan ən əsas səbəb isə köhnə normalarımızın üstünə çıxmağımızdır. Yəni bizdə serotonin və dopamin hormonlarının səviyyəsi sabit qalır, xoşbəxt hiss etdiyimizdə isə birazca artır və bu, təbii bir fəaliyyətdir. Lakin nikotin qəbulunda serotonin və dopamin hormonları qalxır, köhnə normamız pozulur. Artıq daha yüksək bir normaya keçirik və bu, uzun müddət davam etdikdə artıq insan orqanizmi tələbatın üstündə ifraz etməyə başlayır. Bədən bu yüksəlmiş səviyyəyə öyrəşəndən sonra, köhnə vəziyyətinə, yəni heç bir maddə qəbul etmədən standart səviyyədə olan hormonların oyanıqlığına qayıtmaqla kifayətlənə bilmir. Bu da asılılıq yaradır. Təəssüf ki, siqaretin daha tez əlçatan olması və zərərlərinin digərlərinə nisbətən daha çox gözə alınan olması siqaret asılılığının geniş miqyasda yayılmasının əsas səbəblərindən biridir.
Siqaret asılılığından qurtulmaq istəyən gənclərə psixoloq olaraq ən təsirli məsləhətiniz nədir?
-Siqaret asılılığından qurtulmaq istəyən gənclərin hər birini eyni kateqoriyaya aid edə bilmərik. Çünki iradələr, düşüncələr və insanlar dəyişkəndirlər. Yəni hər kəsin hər şeyə eyni dərəcədə tab gətirə və hər şeyi də eyni dərəcədə qavraya bilmədiyi kimi asılılıqdan qurtulma metodları da hər bir şəxsin özünə məxsus olmalıdır.
Ən azından gənclərə məsləhətim odur ki, öz sərhədlərini qoya bilsinlər, nə qədər dayana biləcəklərini və irəli gedə biləcəklərini yoxlasınlar. Təbii ki, bunları nəzarətli bir şəkildə etsinlər. Yəni tam olaraq özlərinə fokuslansınlar və ilk növbədə ətraf mühitdə mənfi təsir edən dəyişənləri analiz etsinlər. Bu kimi problemləri həll etdikdən sonra siqareti zamanla, tələsmədən, yavaş-yavaş sayısını azaltmaqla bu asılılıqdan qurtulmaq üçün addımlar ata bilərlər. Lakin əgər bu hallara tab gətirə bilmir və ortada ciddi bir problem varsa, xəstəliyə doğru gedirsə, həmçinin artıq bu asılılıqdan qurtulmaq üçün heç bir yol tapa bilmirlərsə, təbii ki, bunların heç biri olmasa belə psixoloqlara və mütəxəssislərə müraciət edə bilərlər.
Xüsusi metodlar, bir sıra davranış terapiyaları, şema terapiya və digər fərqli terapiya üsulları vasitəsilə siqaret və digər asılılıqlardan qurtulmağın yolları mövcuddur. Bunun üçün də mütəxəssislərə müraciət etməyi tövsiyə edirəm.
Fatimə Hüseynova
