Bu gün:

Özünə hörmətin faydaları


Amerika Psixoloji Assosiasiyasının fikrincə, özünə hörmət etmək, xarakterinizə, dəyərlərinizə və ləyaqətinizə sağlam münasibət bəsləmək deməkdir. Bu, özünüzə verdiyiniz dəyərin ölçüsüdür.

Zackson Psixologiya Qrupunun təsisçisi və klinik direktoru Judith Zackson qeyd edir ki, özünə hörmət insanın bir fərd kimi şəxsiyyətini qiymətləndirməsini tələb edir. Bu isə öz növbəsində onun düşüncələrinə, dəyərlərinə, duyğularına, öhdəliklərinə və davranışlarına təsir göstərir.


Bu məqalə özünə hörmət etməyin vacibliyini izah edir və bu hissi inkişaf etdirmək üçün bir sıra strategiyalar təklif edir.


Özünə hörmət etməyin faydaları


Doktor Zacksonun sözlərinə görə, sağlam özünə hörmət hissinin bəzi faydaları bunlardır:

        Daxili xoşbəxtlik hissi: Özünə hörmət edən insanlar anlayırlar ki, dəyər, hörmət və xoşbəxtliyi tapmaq üçün əvvəlcə daxillərinə baxmalıdırlar. Nəticə etibarilə, onların həyatı başqaları ilə özünü müqayisə edən və ya xarici təsdiqə ehtiyac duyan insanlara nisbətən daha sabit və mənalı olur.

        Şəxsi dəyərləri dəstəkləmək öhdəliyi: Özünə hörməti olan insanlar xarakter və davranışlarını müəyyən edən əxlaq və dəyərlər toplusuna malikdirlər. Onlar bu prinsipləri qorumaq üçün çox vaxt hər cür riski gözdən keçirirlər, çünki öz dəyər və mənlik hissələri bununla bağlıdır.

        Sərhədlər qurmaq bacarığı: Özünə hörmət, insanın təzyiq və ya qorxu qarşısında öz sərhədlərini müəyyənləşdirmək və onları müdafiə etmək cəsarətinə sahib olmasını tələb edir. Öz inanclarını qorumaq başqalarının da sizə hörmət etməsinə səbəb olur.

        Güclü ləyaqət hissi: Özünə hörmət edən insan, kimliyinə və mövqeyinə qarşı dərin ləyaqət hissi daşıyır və bu ləyaqətə hər zaman sadiq qalır.


Özünə hörmətin aşağı olmasının potensial tələləri


Dr. Zackson özünə hörmətin aşağı olmasının bəzi mənfi nəticələrini belə təsvir edir:

        Xarici qiymətləndirməyə güvənmək: Aşağı özünə hörməti olan şəxslər kim olduqlarını özləri müəyyənləşdirməkdənsə, başqalarının fikirlərinə əsaslanırlar. Onlar üçün başqalarının rəy və münasibəti daxili dəyərlərindən daha önəmli olur, bu da tez-tez saxta və qeyri-səmimi həyat tərzinə gətirib çıxarır.

        Mənasız bir həyat yaşamaq: Özünə hörməti olmayan insanlar daxili dəyərlərinə və həyatlarının məqsədinə diqqət yetirmirlər. Nəticədə, impulsiv, məsuliyyətsiz və asılı davranışlar sərgiləyə bilirlər.

        Özünə mənfi baxışa sahib olmaq: Aşağı özünə hörmət insanı özünə qarşı mənfi münasibətə və mənfi daxili dialoqa meyilli edir ki, bu da özünə zərərverici davranışlara səbəb ola bilər.

        Qeyri-sağlam münasibətlərin inkişafı: Sağlam münasibətlər üçün balanslı özünə hörmət vacibdir. Özünə hörməti az olan insanlar sərhədlərini qorumaqda və öz haqlarını müdafiə etməkdə çətinlik çəkirlər. Bu, zamanla onların manipulyativ və zərərli münasibətlərə düşməsinə gətirib çıxara bilər.


https://www.verywellmind.com/self-respect-importance-influences-and-strategies-for-improvement-6823525


Mənbə: verywellmind 

Tərcümə etdi: Aişə Əlizadə 

Paylaş
Şərh əlavə et