• Tədqiqatlar göstərir ki, yüksək xarakter qiymətinə malik liderləri olan təşkilatlar, aşağı xarakter qiymətinə malik olanlara nisbətən aktivlərin gəlirində orta hesabla beş dəfə daha yüksək nəticə göstərirlər.
• Liderlik xarakteri yalnız etikadan ibarət deyil, burada şəfqət, başqalarına xidmət etmək istəyi və bağışlamaq kimi xüsusiyyətlər də əhəmiyyətlidir.
• Xarakter qərar qəbuletmə və performansa böyük təsir göstərir və yalnız yüksək vəzifəli rəhbərlər üçün deyil, bütün liderlər üçün vacibdir.

Liderlərdə xarakterin təsviri
Lider deyəndə adətən etik davranışlar: həqiqəti demək, doğru olanı müdafiə etmək və başqalarına ədalətli davranmaq nəzərdə tutulur. “Etika” tez-tez “xarakter”lə sinonim kimi qəbul edilir. Son araşdırmalar göstərir ki, əməkdaşların 88%-i təşkilatlarında ən yüksək səviyyəli rəhbərlikdə “moral liderliyə” ehtiyac olduğunu düşünür. Amma liderin xarakteri yalnız etika, dürüstlük və mənəviyyatdan ibarət deyil.
Liderlik xarakterinin biznesə faydası
Təşkilatlarda xarakterli liderlərin olması şirkətlər üçün faydalı ola bilərmi? Fred Kiel-in Return on Character: The Real Reason Leaders and Their Companies Win kitabında göstərildiyi kimi, əməkdaşları tərəfindən yüksək xarakter qiyməti verilən CEO-ların rəhbərlik etdiyi təşkilatlar, aşağı qiymət alanlara nisbətən aktivlərin gəlirində orta hesabla beş dəfə üstün nəticə göstərmişdir.
Bu araşdırma yalnız “etik” davranışı yox, eyni zamanda CEO-ların başqalarına xidmət etməyə hazır olmaları, şəfqət göstərmələri və bağışlamaq qabiliyyətlərini də nəzərə alıb. Bu, etikadan və mənəviyyatdan daha geniş bir anlayışdır.
Sonrakı illərdə liderlik xarakterinin yalnız etik davranışlardan deyil, həm də əməliyyat mükəmməlliyi, qanunvericiliyə uyğun fəaliyyət və ədalətli idarəetmə ilə əlaqəli olduğu qəbul edilmişdir. Xarakter, qərar qəbuletmədə və iş performansında əvvəldən daha çox rol oynayır. Əlavə olaraq, xarakter yalnız yüksək vəzifəli liderlərin deyil, bütün səviyyələrdəki liderlərin hərəkətlərində əks olunur.
Xarakter və qərar qəbuletmə
Harvard Biznes Məktəbinin professoru Max H. Bazerman deyir:
“Liderlər yalnız öz davranışlarını etik etməkdən daha çox iş görə bilərlər. Başqalarının qərarlarından da məsuliyyət daşıdıqları üçün, başqalarını daha yaxşı olmağa təşviq edərək etdikləri xeyiri çoxalda bilərlər. Lider kimi düşünün: həmkarlarınızı yaratdığınız norma və qərar qəbuletmə mühiti ilə necə təsir edə bilərsiniz?”
Son illərdə təşkilatlar qərar qəbuletməni struktur daxilində aşağı səviyyələrə ötürüb. Artıq qərar qəbuletmə yalnız liderlərin deyil, əməkdaşların da əsas bacarığıdır və xarakter bu prosesdə mühüm rol oynayır. Son 60 ildə aparılan analiz göstərir ki, qərar qəbuletmə tələb edən işlərin payı 8%-dən 34%-ə yüksəlib. Yəni şirkət işçilərinin üçdə biri gündəlik vacib qərarlar verir və hər bir qərarda liderlik xarakteri əks olunur.
Liderlik xarakterinin tərifi və əsas xüsusiyyətləri
Liderlik xarakteri, fərdin dəyərləri və mənəviyyatı ilə qarşısına çıxan əsas fəaliyyətlər, xüsusilə qərar qəbuletmə arasında yaranır. Harvard Business Impact və digər tədqiqatlar liderlərin yeddi əsas xarakter xüsusiyyətini müəyyən edib:
1. Dürüstlük (Integrity)
2. Özünü tanıma (Self-awareness)
3. Qətiyyət (Determination)
4. Empatiya (Empathy)
5. Cəsarət (Courage)
6. Optimistlik (Optimism)
7. Maraqlılıq / Açıq fikirli olmaq (Curiosity / Open-mindedness)
Liderlər bu xarakterlərini gündəlik vərdişləri və verdikləri qərarlar vasitəsilə nümayiş etdirirlər. Öz qərarlarını və davranışlarını dəyərlərinə uyğunlaşdırmaq üçün aşağıdakı sualları özlərinə verə bilərlər:
• “Mən məşğul olarkən kimə çevrilirəm?”
• “Hansı xarakter xüsusiyyətləri mənə daha uyğun gəlir? Hansılarını nümayiş etdirmək çətindir?”
• “Qərarlarım təşkilatın dəyərlərinə uyğundurmu?”
• “Güclü liderlik xarakteri nümayiş etdirib-etdirmədiyimi necə tanıyıram?”
• “Görmədiyim zəif tərəflərim ola bilərmi və komandam bunu mənə söyləyə bilərmi?”
• “Komandama dəyərlərə uyğun gündəlik qərarlar vermələri üçün necə istiqamət göstərə bilərəm?”
Bu sualları davamlı yoxlamaq liderlərə dəyərlərə əsaslanan qərar qəbuletmə mədəniyyətini təşviq etməyə imkan verir.
Liderlərdə xarakteri inkişaf etdirmək mümkündürmü?
Menecment bacarıqları (tapşırıq vermək, konflikt həlli, biznes bacarıqları) öyrədilə bilsə də, cəsarət, maraqlılıq və özünü tanıma kimi xarakter xüsusiyyətlərinin birbaşa öyrədilməsi çətindir.
Lakin bu xüsusiyyətlər geri bildirim, məşq və koçluq vasitəsilə inkişaf etdirilə və gücləndirilə bilər. Xarakter və qərar qəbuletmə bir-biri ilə bağlıdır və təşkilatın uğuruna birbaşa təsir göstərir, buna görə də şirkətlərin liderlərin xarakterini inkişaf etdirməyə eyni dərəcədə sərmayə qoyması vacibdir.
Buna baxmayaraq, əməkdaş sorğuları göstərir ki, bütün liderlər bərabər səviyyədə xarakter nümayiş etdirmir. Təxminən üçdə iki lider dürüstlük və qətiyyət göstərirsə də, yalnız yarısı cəsarət və maraqlılıq nümayiş etdirir.
Liderlərin xarakter nümayiş etdirməsi onların mühitindən də asılıdır. Məsələn, orta səviyyəli menecer cəsarət göstərib yüksək rəhbərliyə qarşı çıxsa belə, təşkilat mədəniyyəti onu “səbr et” və ya “pay sahibləri bunu dəstəkləməyəcək” mesajları ilə geri çəkə bilər.
Güclü xarakter sistematik dəstək tələb edir. Liderlər xarakter nümayiş etdirdikdə, bu həm etimadı artırır, həm də biznes nəticələrini yaxşılaşdırır. Xarakter bacarıqları birbaşa öyrədilə bilməsə də, onlar təsadüfə buraxılmamalıdır. Geri bildirim, koçluq, məşq və nümunə göstərmə vasitəsilə bütün səviyyələrdəki liderlər öz səmimiyyətini, dürüstlüyünü, cəsarətini və digər vacib xarakter xüsusiyyətlərini gücləndirə bilər.
https://www.harvardbusiness.org/insight/the-case-for-leadership-character/
Mənbə: Harvardbusiness
Tərcümə etdi: Aişə Əlizadə
