Bu gün:

Narsisizm nədir?


Narsisistik şəxsiyyət pozğunluğu — insanın öz əhəmiyyətini əsassız dərəcədə yüksək qiymətləndirdiyi, daim heyranlıq və diqqət axtardığı psixi sağlamlıq vəziyyətidir. Bu pozğunluğa malik şəxslər çox vaxt başqalarının hisslərini dərk etmək və ya onlara qarşı empati göstərmək qabiliyyətindən məhrum olurlar. Lakin bu zahiri özünəinamın arxasında dərin özünə dəyərsizlik hissi və tənqidə qarşı yüksək həssaslıq gizlənir. Nəticədə, ən kiçik irad belə onların özlərinə münasibətini ciddi şəkildə poza bilər.

Bu pozğunluq şəxsin münasibətlərinə, iş fəaliyyətinə, təhsil həyatına və maliyyə vəziyyətinə mənfi təsir göstərir. Narsisistik şəxsiyyət pozğunluğu olan insanlar, özlərinin layiq olduqlarına inandıqları xüsusi diqqət və heyranlığı görmədikdə, tez-tez məyusluq, narazılıq və daxili boşluq hissi yaşayırlar. Belə insanlar üçün münasibətlər çox vaxt gərgin, dayanıqsız və nəticəsiz olur. Onların eqoist və təkəbbürlü davranışları ətrafdakıların onlardan uzaqlaşmasına səbəb ola bilər.


Müalicə əsasən psixoterapiya (danışıq terapiyası) vasitəsilə aparılır. Müalicə prosesində məqsəd şəxsin özünü daha real qiymətləndirməsini, başqalarının hisslərini anlamağı və sağlam münasibətlər qurmağı öyrənməsidir.


Narsisistik şəxsiyyət pozğunluğu kişilərdə qadınlara nisbətən daha çox müşahidə olunur və adətən yeniyetməlik və ya erkən yetkinlik dövründə formalaşır. Uşaqlarda müəyyən narsisist xüsusiyyətlər görünə bilər, lakin bu, onların şəxsiyyət pozğunluğu inkişaf etdirəcəkləri anlamına gəlmir — bu davranışlar çox vaxt yaşa uyğun inkişaf mərhələlərinin bir hissəsidir 

Narsisistik şəxsiyyət pozuntusunun simptomları

Bu pozğunluğun simptomları və onların şiddəti fərqli ola bilər, lakin ümumilikdə aşağıdakı davranış və düşüncə modelləri müşahidə olunur:


  • Özünü həddindən artıq əhəmiyyətli və üstün hiss etmək, daim və səbəbsiz şəkildə heyranlıq və diqqət tələb etmək.
  • Özlərini imtiyazlı və xüsusi rəftara layiq hesab etmək.
  • Həqiqi nailiyyətlərə əsaslanmadan belə, üstün və uğurlu biri kimi tanınmağı gözləmək.
  • Öz nailiyyət və istedadlarını şişirtmək, başqalarının uğurlarını isə kiçiltmək.
  • Uğur, güc, parıltı, gözəllik və mükəmməl həyat yoldaşı kimi idealizasiya olunmuş fantaziyalarla yaşamaq.
  • Özlərini yalnız “xüsusi” və “bənzərsiz” insanlar tərəfindən başa düşülən və onlarla ünsiyyətə layiq görmək.
  • Əhəmiyyətsiz hesab etdikləri insanlara yuxarıdan aşağı baxmaq və tənqidi yanaşmaq.
  • Başqalarının onlara sorğusuz itaət etməsini və istədiklərini dərhal yerinə yetirməsini gözləmək.
  • İstədiklərinə çatmaq üçün manipulyasiya və istismar üsullarından istifadə etmək.
  • Başqalarının ehtiyac və hisslərinə biganə qalmaq və ya onları dərk etmək istəməmək.
  • Digərlərinə həsəd aparmaq və eyni zamanda başqalarının da onlara həsəd apardığına inanmaq.
  • Davranış və danışıqda lovğalıq, təkəbbür və özünübəyənmişlik nümayiş etdirmək.
  • Həyatın hər sahəsində ən yaxşısına sahib olmaqda israr etmək — məsələn, ən bahalı avtomobil, ən yaxşı ofis və ya ən nüfuzlu çevrəyə sahib olmaq istəyi.   
    https://www.mayoclinic.org/diseases-conditions/narcissistic-personality-disorder/symptoms-causes/syc-20366662 

    Mənbə: Mayoclinic
    Tərcümə edən: Aişə Əlizadə 
Paylaş
Şərh əlavə et