Vulkan püskürməsi 3700 sakini Grindavikdən qaçmağa məcbur edib. Təbiətin gücünün şahidi olmaq istəyənlər şəhərin bələdçili turlarına qoşula bilərlər.

2023-cü ildə baş vermiş vulkan püskürməsi nəticəsində Grindavik şəhərinin 3.700 sakini evlərini tərk etməyə məcbur olub. İndi isə ziyarətçilər bu “ruh şəhərinə” turlar vasitəsilə gələrək təbiətin gücünü yaxından müşahidə edə bilirlər.
Dərin çatlar asfaltı iki yerə bölüb, divarlarında qırıq izləri olan evlər metal bariyerlərlə qorunur. Boş uşaq bağçasının yelləncəkləri küləklə yavaşca hərəkət edir. 2023-cü ilin noyabrında baş vermiş bu təbii fəlakət Grindavik balıqçı şəhərini faktiki olaraq yaşanmaz hala gətirib.
Bu püskürmə son 50 ildə İslandiyanın gördüyü ən genişmiqyaslı təbii fəlakət olub. 4 km-lik çatdan axmış lava “cəhənnəmin qapıları”na bənzədilib. Şəhər demək olar ki, bir il bağlı qalıb və 2024-cü ilin oktyabrında yalnız bir neçə sakin geri dönüb.
İndi Grindavik sakini Kristin Maria Birqisdottir turistlərə doğma şəhərini göstərir. “İnsanlar buradakı dəyişikliklər haqqında çox soruşurlar,” – deyə o bildirir. “Canlı görəndə insan heyrətə gəlir".
Mənbə: onedio
Tərcümə etdi: Nərmin Məmmədzadə
