
Hər birimizin bəyənərək və təkrar-təkrar izlədiyi şoular olur, sanki onlar isti və rahat bir yorğan kimidir. “Gündəlik iş və məsuliyyətlər zehni olaraq çox yorucu ola bilər, buna görə də nostaljik şoular belə rahatlıq hissi verir. Onlar zehni yükümüzü artırmaq əvəzinə, bizə çox ehtiyac duyduğumuz qaçış imkanı təqdim edir,” – deyir Clarissa Silva, davranış elmləri üzrə mütəxəssisi
“Bəzən biz həyatın bir neçə saat boyunca tamamilə eyni qalmasını istəyirik ki, bu da bizə təhlükəsiz və sabit hiss etdirsin,” – deyir Aimee Daramus, Clarity Klinikası, Çikaqo, klinik psixoloq.
Təkrar Baxmağın Psixologiyası
İndi dünyada sonsuz sayda yeni film və serial var, buna görə də bəzən köhnə, sevimli bir seriala qayıtmaqla özümüzü günahkar hiss edə bilərik, sanki biz sadəcə asan yolu seçmişik. Amma əslində vəziyyət belə deyil.
İnsanlar tanış hekayə və obrazlara yenidən qayıtmasının bir neçə əsas səbəbi var:
1. Rahatlıq: Yeni bir şou izləyərkən bütün hadisə xətlərini izləməli, yeni obrazlarla tanış olmalı, onların motivlərini anlamalı və baş verənləri yaxından izləməliyik. Halbuki əvvəllər baxdığımız bir şouda beynimiz belə bir gərginlik yaşamır. Tanış zarafatlar, məşhur ifadələr və sevimli obrazlar ani olaraq əhvalımızı qaldırır və rahatlamamıza kömək edir.
2.Proqnozlaşdırmaq. Gündəlik həyatımız stresli və qeyri-müəyyən ola bilər. Köhnə şoular bizə rahatlıq və proqnozlaşdırıla bilənlik hissi verir, çünki nələrin baş verəcəyini dəqiq bilirik. Burada heç bir gözlənilməz süjet dönüşü və ya kədərli sonluq yoxdur. Nələrin baş verəcəyini bilmək, xüsusilə həyat stresli və xaotik olduqda, təhlükəsiz və sakit hiss etməyimizə səbəb olur.
3. Nostalgiya: Köhnə şoular bizi keçmiş versiyamızla yenidən əlaqələndirir, kim olduğumuzu və onları ilk dəfə izlədiyimiz zaman həyatın necə olduğunu xatırladır. Tədqiqatlar göstərir ki, klassik məzmunu izləmək bizi daha xoşbəxt və sadə zamanlara, xüsusilə uşaqlıq dövrlərinə qaytarır.
4. Emosional əlaqə: Sevimli obrazlarımızla qurduğumuz (bir tərəfli) emosional bağlara parasosial əlaqələr deyilir. Zamanla obrazlara bağlanırıq, buna görə də bir şouya yenidən baxmaq, sanki köhnə dostlarımızla vaxt keçirirmiş kimi hiss etdirir və bizə dostluq və aidiyyət hissi verir. Tədqiqatlar göstərir ki, bir çox insan tanış məzmunu parasosial əlaqələr üçün yenidən izləyir.
5. Dostluq: Fiktiv obrazlar rahatlıq gətirir, çünki onlar həmişə eyni şeyi eyni şəkildə deyir və edirlər, həmçinin insan dostlarının edə bilməyəcəyi şəkildə hər zaman yanımızdadır. “Hər epizod həmişə eyni olacaq və obrazlar həmişə sizin üçün orada olacaq,” – deyir Dr. Daramus.
6. Fon səsi: Bəzən əsas məqsəd diqqətlə izləmək deyil, sadəcə mətbəxdə yemək bişirərkən, təmizlik edərkən və ya telefonla vaxt keçirərkən tanış bir şeyi arxa planda olmaqdır.
Mənbə:verywell mind
Tərcümə etdi:Fatimə Cabbarlı
