Səyahət yalnız fərqli məkanlar kəşf etmək deyil, həm də yeni insanlar, mədəniyyətlər və həyat tərzləri ilə tanış olmaq deməkdir. 24media.az olaraq səyahətləri ilə diqqət çəkən bloqer və səyyah Şahpələng Kərimov ilə bu mövzuda söhbətləşdik. O, səyahətə olan marağının necə başladığını, ən yaddaqalan xatirələrini və bu sahəyə maraq göstərən gənclərə tövsiyələrini bizimlə bölüşdü.

–Səyahət sizin üçün nəyi ifadə edir?Səyahətə olan marağınız necə başladı və ilk dəfə gördüklərinizi çəkib paylaşmaq qərarına necə gəldiniz?
Mənim üçün səyahət sadəcə yeni yerlər görmək deyil, həm də insanlarla tanış olmaq, onların həyat tərzini, adətlərini öyrənmək deməkdir. Marağım çox gənc yaşlarımdan başlayıb. Uşaq vaxtı xəritələrə baxır, müxtəlif şəhərləri xəyal edirdim. İlk dəfə çəkib paylaşmağa isə sırf yaddaşda qalması üçün başlamışdım. Sonradan gördüm ki, izləyənlər də maraqlanır, dəstək verir. Bu da məni daha çox motivasiya etdi.
– İndiyə qədər gəzdiyiniz yerlərdən ən çox yadınızda qalan hansı olub?
Çox xatirəm var, amma ən çox yadımda qalanlardan biri Hindistan olub. İlk günlər çətin idi – həm mühit, həm də həyat tərzi mənim üçün tamamilə fərqli idi. Amma sonradan elə maraqlı və əyləncəli anlar yaşadım ki, bu ölkə məni çox təəccübləndirdi. Ümumiyyətlə, hər səyahətdə insanların qonaqpərvərliyi və gözləmədiyim anlarda aldığım dəstəklər ən yaddaqalan hissələrdən biridir.
– Səyahət etməyi çox istədiyiniz, amma hələ reallaşdıra bilmədiyiniz ölkə varmı? Nəyə görə?
Var, məsələn Yaponiya. Çünki həm mədəniyyəti, həm də həyat tərzi mənim üçün çox maraqlıdır. Amma ora səyahət daha bahalı olduğundan və uzun hazırlıq tələb etdiyindən hələ reallaşdıra bilməmişəm.
– Kənardan baxan biri üçün video çəkib paylaşmaq asan görünür. Ancaq bilirik ki, bu işin kifayət qədər çətinlikləri var. Bu işə başlamaq istəyənlərə hansı çətinliklərdən danışardınız?
Ən böyük çətinliklərdən biri daim hərəkətdə olmaqdır. Bu işin həm fiziki yorğunluğu, həm də texniki tərəfləri var. Bəzən internet zəif olur, montaj üçün vaxt tapmaq çətinləşir. Üstəlik, kamera qarşısında daim enerjili qalmaq asan deyil. İnsanlar hazır videonu görür, amma arxasında çoxlu saatlar yorucu iş dayanır.
– Bu işə yeni başlamaq istəyən gənclərə hansı tövsiyələri verərdiniz?
Öncəliklə, səbrli olmaq lazımdır. İlk vaxtlarda izləyici çox olmayacaq, amma davamlılıq mütləqdir. İkinci məqam isə səmimi olmaqdır. İnsanlar səmimiyyəti çox tez hiss edirlər. Son olaraq isə əlbəttə ki, texnikadan çox məzmun önəmlidir – yaxşı niyyətlə çəkilən sadə bir video belə izləyici üçün dəyərli ola bilər.
Fatimə Cabbarlı
