Bu gün:

Turist vergiləri və iqlim


Dünyanın ən sevilən və ən həssas yerlərini qorumağın açarı yeni, iqlimə yönələn turizm ödənişləri ola bilər.

Növbəti tətiliniz gözlədiyinizdən bir qədər baha başa gələ bilər və bu, təkcə inflyasiyaya görə deyil. Dünyanın bir çox yerlərində otel qalmaq haqqı, bərə biletləri və milli parklar və digər qorunan ərazilərə giriş üçün yeni iqlimə yönəlmiş ödənişlər tətbiq edilir. Lakin bir səfərə daha çox pul ödəmək əsəbi görünə bilər, bu yeni rüsumlar bəlkə də sevdiyiniz yerlərin yüksələn dəniz səviyyələri, rekord istilər və təbii fəlakətlər qarşısında sağ qalmasına kömək edə bilər.

2023-cü ilin avqustunda Havay adalarının ən qədim şəhəri Lahaina-da güclü meşə yanğınları baş verib. Quraqlıq və qasırğa küləkləri ilə sürətlənən alovlar 102 nəfərin ölümünə, 2000-dən çox binanın məhvinə səbəb olub və ABŞ tarixində ən ölümcül iqlimlə əlaqəli yanğınlardan biri kimi yadda qalıb. 2023-cü ilin may ayında Havay ABŞ-da ilk dəfə olaraq iqlim böhranına açıq şəkildə bağlı olan bir turist vergisi tətbiq edib. “Yaşıl Ödəniş” (Green Fee) adlanan bu qanun mövcud otel vergilərinə əlavə olaraq 0,75% əlavə vergi tətbiq edir. Bu rüsumun 2026-cı ildən etibarən hər il 100 milyon dollar vəsait toplayaraq meşə yanğınlarından sonra bərpa işləri, mərcan riflərinin qorunması və iqlimə uyğunlaşma tədbirlərinə xərclənməsi planlaşdırılır. Havay qubernatoru Coş Qrin bildirib ki, bu yeni qanun adalara gələn 10 milyon turistin yaratdığı təsirlərə cavab olaraq hazırlanıb və təbii fəlakətlərin artan tezliyinə qarşı strategiyanın bir hissəsidir. İqlimlə bağlı fəlakətlər artdıqca, dünyanın digər yerlərində də turizm gəlirlərinin necə toplanması və istifadə olunması məsələsinə yenidən baxılır. Yunanıstan 2024-cü ilin yanvarında əvvəlki “gecə qalma” vergisini “İqlim Böhranına Dayanıqlılıq Ödənişi” ilə əvəz etdi. Səyahətçilər indi otelin kateqoriyası və fəsilə görə gecəlik €0.50-dən €10-a qədər ödəyirlər. Pik mövsümdə Mikonos və Santorini kimi məşhur adalarda isə bu rüsum €20-ya qədər yüksəlir. Hökumət bu yolla ildə €400 milyon toplayacağını gözləyir. Bu vəsait su infrastrukturu, fəlakətlərin qarşısının alınması və ekosistemlərin bərpasına yönələcək. Balidə 2024-cü ildə xarici turistlərdən ətraf mühitin qorunması üçün 150.000 rupiah (təxminən £6.88) ödənişi tələb olunur.

Maldiv adaları 2015-ci ildən bəri “Yaşıl Vergi” tətbiq edir, lakin bu rüsum 2025-ci ilin yanvarında iki dəfə artırıldı – əksər otel və kurortlar artıq bir nəfər üçün gecəlik $12 (€9) alır. Bu gəlir hökumətin tullantıların idarə olunması və sahil xəttinin qorunması üzrə fonduna yönəldilir.

Yeni Zelandiyada isə ilk dəfə 2019-cu ildə tətbiq edilən Beynəlxalq Ziyarətçi Rüsumu (International Visitor Levy) 2024-cü ildə üç dəfə artırılaraq təxminən NZD $100-a (£45) çatdırılıb. Bu rüsum ölkə üzrə mühafizə tədbirlərinə və davamlı turizm infrastrukturuna dəstək verir.

Bu rüsumlar səyahətin ümumi xərci ilə müqayisədə çox da yüksək olmasa da, düzgün idarə olunarsa, böyük dəyişikliklərə səbəb ola bilər. Maldiv adaları bu sahədə artıq nümunəvi iş görür. Onlar yaşıl fonda daxil olan vergilərin sahil mühafizəsi, tullantıların emalı və suya çıxış layihələrinə necə yönəldiyini aylıq hesabatlarla paylaşırlar.

Yeni Zelandiya da öz rüsumlarının istifadəsini illik hesabatlarla göstərir. Məsələn, “Cathedral Cove”dəki fırtına nəticəsində zədələnmiş yolların yenilənməsi və Yeni Zelandiya Velosiped Marşrutlarının iqlimə davamlı şəkildə təkmilləşdirilməsi bu hesabatlarda əks olunur. Havay da yeni turist vergilərinin istifadəsində şəffaflığı artırmağa çalışır. Lahaina yanğınlarından sonra dövlət İqlim Məsləhət Qrupu (Climate Advisory Team – CAT) yaratdı. Bu qrup iqlim dayanıqlılığı üçün potensial tədbirləri və maliyyə mənbələrini əhatə edən 60 səhifəlik hesabat yayımlayıb. ”

Sorğular göstərir ki, turistlər də bu işə töhfə verməyə hazırdır, əgər pullarının hara getdiyini bilsələr. Booking.comun 2024-cü il Davamlı Səyahət Hesabatına görə, dünya üzrə səyahətçilərin 75%-i gələn il daha davamlı səyahət etməyi planlaşdırır, 71%-i isə ziyarət etdikləri yerləri əvvəlkindən daha yaxşı vəziyyətdə tərk etməyi arzulayır.

Euromonitorun 2023-cü il tədqiqatında isə səyahətçilərin 80%-ə yaxını davamlı seçimlər üçün 10% daha artıq pul ödəməyə hazır olduqlarını deyiblər.

Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova


Paylaş
Şərh əlavə et