Bu gün:

Yapon məktəblilər internetdə intihar axtarışları ilə gündəmdədir


Yaponiyada məktəblilərin internetdə yazdığı ən çox axtarılan psixoloji stresslə bağlı ifadə “şinitai”, yəni “ölmək istəyirəm” olub. Bu nəticə psixoloji gərginlik altında olan uşaqların axtarış vərdişlərini müəyyən edən xüsusi filtri inkişaf etdirən "Ova" adlı qeyri-kommersiya təşkilatının araşdırması nəticəsində əldə olunub.Araşdırma hökumətin “hər şagirdə bir cihaz” proqramı çərçivəsində 8 yerli təhsil idarəsi və digər qurumlar tərəfindən istifadəyə verilmiş təxminən 70000 kompüter üzərində aparılıb.

Təşkilatın nümayəndəsinin bildirdiyinə görə, bu nəticələr uşaqların şəxsi smartfonlarında daha çox belə axtarışlar etdiyini ehtimal etməyə əsas verir: “O qədər çox uşaq var ki, dərin ruhi əzab çəkir və bu onları intihara qədər aparacaq vəziyyətə salır.”

Ova təşkilatı psixoloji gərginliklə bağlı 5000-ə yaxın açar söz əsasında internetdə axtarış edən uşaqlara brauzer əlavəsi vasitəsilə psixoloji dəstək qaynar xətləri və digər məsləhətlər təqdim edir. Bu ilin ilk üç ayı ərzində toplanan məlumatlar göstərib ki, hər 58 məktəblidən biri dərin narahatlıqla bağlı axtarış aparıb. Ən çox yazılan ifadə “ölmək istəyirəm” (206 dəfə) olub. Daha sonra “zorakılıq” (200), “intihar” (178) və “doza həddi aşımı” (158) sözləri gəlib. Axtarış nəticələri psixoloji stresslə bağlı sözləri altı kateqoriyada birləşdirib: psixi xəstəlik (40.1%), intihar (22.0%), məktəbdə şəxsi münasibətlər (19.0%), cinsi zorakılıq (7.2%), özünə xəsarət (6.3%) və evdəki münasibətlər (5.3%).

Uşaqların ən çox müraciət etdiyi dəstək forması 20.3% ilə emosional çətinliklər keçirənlər üçün nəzərdə tutulmuş onlayn platformalar olub. Onu 14.7% ilə yazışma dəstəyi və 11.7% ilə duyğularını bölüşmək üçün lövhələr izləyib.

“O uşaqlar ki, nə evdə, nə də məktəbdə mənsubiyyət hissi yaşamır, ağrılarını ifadə edə biləcək yer tapmırlar, onlar ölmək istəyirəm yazaraq çıxış yolu axtarırlar”,–deyə təşkilat rəhbəri Ciro Ito bildirib.

Yaponiyanın Milli Polis Agentliyi və Səhiyyə Nazirliyinin müvəqqəti statistikalarına görə, 2024-cü ildə ibtidai, orta və yuxarı siniflərdə oxuyan 527 şagird intihar edib. Bu, rekord göstəricidir.

Mənbə: Asahi Shimbun

Tərcümə etdi: Nəzakət Nəsibli 


Paylaş
Şərh əlavə et