Araşdırmalara əsasən, emosional sağlamlığın qorunması üçün fərdlərin nə qədər yaxın dostunun olması lazım olduğu konkret rəqəmlərlə müəyyən edilib. "News Corpun Growth Distillery və Medibank" şirkətləri ilə birgə apardığı araşdırmaya görə, psixoloji cəhətdən özünü yaxşı hiss edən şəxslərin ortalama beş etibarlı dostu olur.

Əksinə, psixoloji çətinlik yaşayan şəxslərdə bu rəqəm üçə qədər enir. Kənardan bu fərq kiçik görünə bilər. Ancaq mütəxəssislər bildirirlər ki, iki nəfərlik fərq insanın "mübarizə apara bilərəm" və "heç kəsi narahat etmək istəmirəm" düşüncələri arasında psixoloji sərhəd təşkil edir.
Güvəndiyimiz insanların sayı yalnız emosional vəziyyətimizi deyil, psixoloji dayanıqlığımızı da birbaşa müəyyən edir. Xüsusilə stresli dövrlərdə bizə sadəcə bir mesajla dəstək olacağını bildiyimiz insanların varlığı, həyat keyfiyyətimizi əhəmiyyətli dərəcədə artırır.
Çoxumuz kənardan baxıldıqda sosial görünürük: qruplarda iştirak edirik, söhbətlər açırıq, başqalarına yardım edirik, hətta əyləncəli və açıq fikirli biri kimi tanınırıq. Lakin dərdimizi bölüşəcək bir nəfəri tapmaqda çətinlik çəkirik. "Güclü görünməliyəm" və ya "indi vaxtı deyil" düşüncələri duyğularımızı susdurmağa vadar edir. Zaman keçdikcə bu susqunluq vərdişə, daha sonra isə şəxsiyyət xüsusiyyətinə çevrilir. Nəticədə, hər kəs zahirən yaxşı görünür, lakin daxilən tənhalıq yaşayır.
Tədqiqatlar da bu tendensiyanı təsdiqləyir. İnsanların əksəriyyəti, qarşı tərəf duyğularını paylaşanda necə reaksiya verəcəyini bilmədiyi üçün məsələni səthi səviyyədə saxlayır. Bu isə real bağ qurmaq istəyən şəxslərin geri çəkilməsinə səbəb olur. Halbuki sosial görünmək ilə sosial dəstək almaq arasında mühüm fərq mövcuddur.
Nəticə etibarilə, ruhi dözümlülüyün sirri onlarla tanışda deyil, ehtiyac zamanı həqiqətən güvəndiyiniz bir neçə şəxsdədir. Və bu bağları yaratmaq üçün bahalı proqramlara, şəxsi inkişaf seminarlarına və ya böyük dost çevrəsinə ehtiyac yoxdur.
Gerçək dostluqlar ani şəkildə yaranmır — onlar qurulur. Və bu quruluşa başlamaq üçün ən doğru vaxt elə bu gündür.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
