Yaponiyada aparılan araşdırma, nikbin insanların gələcəklə bağlı düşüncələrində bənzər beyin aktivliyi nümunələri göstərdiyini ortaya çıxarıb.

Yaponiyanın rəhbərliyi ilə həyata keçirilən və 87 iştirakçının qatıldığı araşdırmada alimlər əvvəlcə insanların nə dərəcədə nikbin olduğunu müəyyənləşdirmək üçün sorğu keçiriblər.
Daha sonra iştirakçıların beyinləri maqnit-rezonans tomoqrafiyası (MRT) vasitəsilə skan edilib. Bu zaman iştirakçılardan gələcəkdə baş verə biləcək müsbət, mənfi və ya neytral hadisələri təsəvvür etmələri istənilib. Bəzi iştirakçılara isə ölümlə bağlı ssenariləri düşünmələri tapşırılıb.
Araşdırmada məlum olub ki, nikbin iştirakçıların beyinlərində, xüsusilə gələcəklə bağlı düşüncə ilə əlaqələndirilən medial prefrontal korteks (MPFC) adlı bölgədə oxşar neyron nümunələri müşahidə olunub.
Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, MPFC-dəki beyin aktivliyi nümunələri nikbin şəxslərdə müsbət və mənfi gələcək hadisələrinə dair daha aydın fərqliliklər göstərir.
Araşdırmanın baş müəllifi Yanagisava Kuniaki bildirib: “Nikbinlər gələcəklə bağlı düşüncələrini formalaşdırarkən ortaq bir neyron çərçivədən istifadə edirlər. Bu da ehtimal ki, eyni fikirlərdən çox, oxşar zehni emal üsulunu əks etdirir”.
Yanagisava əlavə edib ki, nikbin insanlar yaxşı ilə pisi ayırmaqda daha güclüdür və bu da onların dayanıqlı qalmasına kömək edir.
Araşdırmanın nəticələri ABŞ Milli Elmlər Akademiyasının “Proceedings of the National Academy of Sciences (PNAS)” jurnalında dərc olunub.
Mənbə: TRT HABER
Tərcümə etdi: Solmaz Muradova
