
Həyat yolunda qarşılaşdığımız hadisələrə tam nəzarət edə bilməsək də, onların mənasını necə yozacağımıza və onlara necə reaksiya verəcəyimizə tam nəzarət edə bilərik. Bu, xüsusilə də "yox" cavabı ilə qarşılaşdığımızda daha aydın görünür.
İstər münasibətlərdə, istər iş axtarışında, istər yazılarımızı yayımlamağa çalışdığımızda, istər satış və ya valideynlik mövzusunda – "yox" cavabını çox zaman şəxsiyyətimizə, dəyərimizə və ya gələcəyimizə yönəlmiş bir rədd kimi qəbul edirik. Bu cavabı sanki son qərar, qapının üzümüzə bağlanması kimi görürük.
Halbuki, "yox"u fərqli şəkildə də şərh edə bilərik. Daha düzgün və bizi gücləndirən bir baxış bucağı mövcuddur. Əgər biz "yox" cavabında dayanmasaq, bu cavab sadəcə yolun bir hissəsi olur. Heç də sonu deyil.
Əslində, Teodor Ruzvelt və Mark Avrelinin fikirləri də məhz bunu deyirdi: asan "hə"lərin arxasınca qaçmaqdansa, uzun "yox" zəncirlərinin sonunda dayanan məqsədləri izləmək daha faydalıdır.
Gəlin bu anlayışı bir az daha dərindən araşdıraq və "yox"un əsl gücünü birlikdə kəşf edək.
"Yox" onlar üçün təhlükəsizdir
Çox vaxt insanlar bizə "yox" deyirlər, çünki təklifimizi və ya bizi rədd etdikləri üçün yox, sadəcə olaraq "yox" demək onlar üçün daha təhlükəsizdir.
"Yox" demək mövcud vəziyyəti qoruyur. Risk azdır, məsuliyyət azdır, eqoya və vaxta zərər vermir. "Yox" insanı daha az sarsıdar. Bu, tənbəlliyin və ehtiyatlı düşüncənin səsi kimi çıxır. “Bəli” isə düşünmək, əsaslandırmaq və məsuliyyət götürmək tələb edir. Ona görə də çox insan ehtiyatla "yox" deməyi üstün tutur.
Məşhur FBI danışıqları üzrə ekspert Kris Voss bu anlayışı danışıqlarda güclü bir vasitəyə çevirmişdir. O, birbaşa "bəli" istəməkdənsə, insanları "yox" deməyə təşviq edən suallarla yanaşmağı tövsiyə edir. Məsələn: "İndi danışmaq üçün pis vaxtdır?" sualı "Bir dəqiqə vaxtın var?" sualından daha yaxşı işləyir. Çünki qarşı tərəf “yox” deyə bilər, amma yenə də söhbət davam edə bilər. Bu cür yanaşmalar qarşı tərəfin müdafiə divarlarını endirir və prosesə daha rahat daxil olmaq imkanı verir.
Bu üsul yalnız girov danışıqlarında yox, iş görüşmələrində, satış dialoqlarında, şəxsi münasibətlərdə və hətta sərhəd qoyma prosesində də işləyir. Əgər "yox"u düzgün anlayıb istifadə etsək, bu cavab bizim üçün dalan yox, daha aydın bir yol ola bilər.
"Yox" Bizim üçün aydınlıqdır
Ən önəmlisi isə "yox" cavabına daxildən necə yanaşdığımızdır.
Hər bir "yox" bizə güzgü tutur. Bizdən soruşur: bu məqsədə çatmaq mənim üçün hələ də önəmlidirmi? Bu çətinliklərə dəyərmi? Bu yolun sonunu istədiyim qədər istəyirəmmi?
"Hə" bizə qısa müddətli məmnunluq gətirə bilər, amma "yox" bizi dərin düşünməyə, məqsədimizi yenidən qiymətləndirməyə məcbur edir. Psixoloq Angela Dakvortun “grit” (iradə və inadkarlıq) anlayışı da bunu göstərir. Onun fikrincə, davamlılıq kor-koranə davam etmək deyil, həvəs və məqsədlə uyğun olan inadkarlıqdır. "Yox" bizi məhz bu uyğunluğu yoxlamağa məcbur edir.
Əgər biz hədəfimizə həqiqətən inanırıqsa, "yox" cavabı bizi dayandırmaz. Əksinə, bu, bizi daha güclü və daha inamlı edər.
Mənbə:psychology today
Tərcümə etdi: Fatimə Cabbarlı
