Bu gün:

Attabad gölü


Attabad Gölü Pakistanın Hunza vadisində yerləşir və arxa planda dağlarla əhatə olunub.

Hunza çayını nəhəng bir torpaq sürüşməsi bağlayanda bir neçə kənd məhv olub, lakin nəticədə Pakistanın ən nəfəskəsici göllərindən biri meydana gəlib. Lauren Winslow-Llewellyn Pakistanın Hunza vadisində yerləşən Attabad Gölünün şəklini sosial şəbəkədə görəndə dərhal planlaşdırmağa başlayıb. "O şəkil yüksəkdən çəkilib, drondan deyil, dağ cığırından, kimsə parlaq mavi suyun üzərindəki uçurumun kənarında oturub” deyə o xatırlayır. Cənub-şərqi İngiltərədə yaşayan Winslow-Llewellyn və tərəfdaşı Craig Hubbard internetdə “Non Stop Travelling couple” adı ilə tanınır, səyahətləri üçün pul toplamaq məqsədilə mövsümi qonaqpərvərlik işlərində çalışıblar. Xarici səfərlər barədə məsləhət saytlarını araşdırdıqdan, təhlükəsiz yolları xəritəyə saldıqdan və Google Earth ilə istiqamətləri müəyyən etdikdən sonra, son addım Hunzanın paytaxtı Karimabada çatmaq və cığırın başlanğıcına gedən maşına minmək olub. Yuxarı hissəsi kilim və məişət əşyaları ilə dolu açıq bir yük maşınının üstündə cütlük və yerli bir ailə tunellərdən keçib irəliləyiblər. Üzlərinə əsən külək və havada yayılan gülüş səsləri ilə birlikdə, qəfil Attabad Gölü qarşılarında açılıb, heyrətamiz mavi rəngdə və nəfəskəsici, quru dağlarla əhatəli şəkildə. "Pakistan səfərimizin ən sevdiyim xatirəsi idi”, - Winslow-Llewellyn deyir. “Sanki dəli bir rollercoaster gəzintisindəydik”. Pakistan onların səfər etdikləri 88-ci ölkə olub, lakin təcrübəli səyahətçilər üçün belə, Gilgit- Baltistan bölgəsinin dramı və gözəlliyi xüsusi seçilib.

İslamabaddan Gilgitə təxminən 1 saatlıq uçuş ardından Karakoram şosesi boyunca 3 saatlıq maşın yolu ilə Attabad Gölünə çatmaq olur. Daha mənzərəli yol isə İslamabaddan Skarduyə uçub, oradan Jaglot və Gilgit vasitəsilə 7-8 saatlıq sürüşdür. İyundan sentyabra qədər hava daha mülayim olur, uçuşlar az ləğv olunur və Babusar keçidi açıq olur. Mart ortasından aprelə qədər Hunza vadisində alçaq ağaclarının çiçəkləmə dövrüdür, qışda isə göldə nağılı xatırladan buzluca xizək sürmə təcrübəsi yaşamaq mümkündür. Attabad Gölündə dəbdəbəli göl kənarı otellər - Luxus Hunza, Famree Resort, Lodges by Baron və ekoloji “glamping” qübbələri var. Əgər daha sərfəli və sakit yer axtarırsınızsa, Hunza və Hussaini Körpüsü yaxınlığında qonaq evləri mövcuddur (lakin göl mənzərəsi olmaya bilər). Lakin bu epik dağlıq ərazidə təhlükə daima var. Karakoram yolunda əl ilə düzəldilən sədlər və sürüşmələr səbəbilə saatlarla gecikmələr adi haldır. Winslow-Llewellyn təzə sürüşmədən keçdikləri anı xatırlayır - yüzlərlə metr aşağıda əzilən maşın və yerli sakinlərin təhlükəyə baxmayaraq yerdəyişən torpaq üzərində rahat hərəkət etməsi. “Bu çox göz açan bir təcrübə idi... həyatın necə kövrək və insanların bu mühitdə nə qədər həssas olduğunu gördüm”, - deyir. Bu dinamik mənzərə içərisində Attabad Gölü fəlakətdən yaranan gözəlliyin bariz nümunəsidir, təbiətin gücünün və nəticələrinin canlı sübutudur.

2010-cu ilin 4 yanvarında nəhəng bir torpaq sürüşməsi Hunza çayını beş ay müddətinə bağlayıb. NASA-nın məlumatına görə, yanvarın sonuna doğru su səviyyəsi gündə 1.1 metr qalxıb. Yer və Kosmos Elmləri bloqlarında istifadəçilər bu hadisəni heyrətlə və ehtiramla müzakirə ediblər, çünki normalda geoloji dövrlər ərzində formalaşmalı olan bir göl bir insan ömrü ərzində yaranıb.

İyuna qədər yeni göl 21 km uzunluqda və 100 metrdən dərin olub. Shishkat kəndi tamamilə, Gulmit isə qismən su altında qalıb. 20 nəfər həlak olub, 6000 nəfər köçkün düşüb, Karakoram şosesinin 25 km-lik hissəsi və altı körpü məhv olub. 2012-ci ildə gölün səviyyəsini 10 metr azaltmaq üçün partlayışlar həyata keçirilib. 275 milyon dollar (202 milyon funt) dəyərində layihə ilə yeni 5 tunel tikilib və magistral yol Çin sərhədinədək bərpa olunub. Bu gün Attabad Gölü “mütləq görülməli” turizm məkanına çevrilib. Onu parlaq kobalt-mavi suları və kəskin dağ mənzərələri ilə tanıyırlar. Amma keçmiş hələ də gölün dərinliyində gizlidir, su altında qalan bağların və damların izləri hələ də görünür.


Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova


Paylaş
Şərh əlavə et