Earl ailəsi Böyük Britaniyadan Liseberg əyləncə parkını ziyarət etmək üçün İsveçin Qöteborq şəhərinə gündəlik səfər edib.

Qraham Earl, həyat yoldaşı və iki qızı bu may ayında Londondan Qöteborqa Ryanairdən çox ucuz bilet alaraq məşhur əyləncə parkına gün ərzində gediblər.
Ailə səhər tezdən Londonun Stansted hava limanından uçuşa minib, Qöteborqa çatandan sonra taksi tutub parka gedib və saat 11-də Liseberg parkının qapıları açılan kimi oraya çatıb. Onlar 11 və 13 yaşlı qızları ilə bütün günü parkdakı attraksionlarda keçiriblər və axşam İtalyan restoranında yemək yeyiblər. Saat 21-də isə geri Londona uçmaq üçün hava limanına yollanıblar.
Ailənin uçuşları dəyəri hər nəfər üçün 24,99 funt sterlinq (təxminən 34 dollar) olub, buna əlavə olaraq dörd park bileti və digər xərclər gəldikdə, ümumi məbləğ İngiltərənin Cənub Sahilindəki bir əyləncə parkına yalnız giriş bileti üçün ödəyəcəkləri məbləğə bərabər olub.
Bu dörd nəfər üçün İsveçə gündəlik səfər bu ilin əvvəllərindən bəri etdikləri beş Avropa günü səfərindən biri olub. Onlar İngiltərədən Dublin, Venesiya və İspaniyanın Palma de Mallorkası kimi yerlərə də gündəlik səfərlər edib, hər uçuş üçün 25 funt sterlinqdən az ödənişlərlə və evdə öz yataqlarında yuxuya gedəcək vaxtda geri dönüblər.
Böyük Britaniya Avropa boyunca ucuz aviakompaniyalarla tez-tez əlaqələr təklif etdiyi üçün bu cür “ekstremal gündəlik səfərlərin” mərkəzi sayılır, amma bu təcrübəni ABŞ və başqa yerlərdə də edənlər var.
Bu təcrübənin ətraf mühit üçün mənfi təsirləri olsa da, gündəlik səfərlərin pərəstişkarları deyir ki, bu, yeni bir yeri görmək üçün əyləncəli və yetərincə məmnun edici yoldur, xüsusilə büdcə və tətillər məhdud olduqda.
Earl deyir ki, qızları İsveç səfərini ən çox bəyəniblər, amma özü üçün Venesiyada gün ərzində 17,000-dən çox addım ataraq şəhəri gəzmək daha çox xoşuna gəlib.
Məktəb tətilinin il boyu səyahət etməyi çətin və baha etdiyini deyən Earl-ə bu səyahət taktikası çox dəyərli gəlir.
Earl deyir: “Bu gündəlik səfərləri məktəb və iş saatlarından kənar, həftəsonları etmək büdcə baxımından çox effektivdir. Bu, bizə il boyu çoxlu kiçik macəralar etməyə imkan verir.”
Mənbə: CNN
Tərcümə etdi: Rəna Qarayeva
