Bu gün:

Özünü qucaqlamaq anksiyeteyə necə təsir edir


Anksiyete - yəni narahatlıq hissi bir çox insanın həyatında qarşılaşdığı ümumi bir psixoloji problemdir. Vacib imtahanlar, iş müsahibələri və ya digər stresli vəziyyətlər zamanı narahatlıq artmağa meyillidir. Belə hallarda bir ailə üzvündən, dostdan və ya partnyordan alınan sadə bir qucaqlaşma belə sakitləşdirici təsir göstərə bilər. Psixoloji tədqiqatlar da dəfələrlə göstərib ki, başqasının qucaqlaması insanın stress səviyyəsini və tək qalmaq, depressiya kimi mənfi hissləri azalda bilər.

Bəs ətrafda heç kim yoxdursa nə etməli?

Elmi ədəbiyyatda hələ ki, çox araşdırılmayan bir mövzu da özünü qucaqlamaqdır. Özünü qucaqlamağın narahatlıq hissinə təsiri ilə bağlı hələlik kifayət qədər məlumat yoxdur.

Bu boşluğu doldurmaq məqsədilə Yulia Susanti və onun həmkarları tərəfindən aparılan yeni bir tədqiqat “Journal of Nursing Practice” elmi jurnalında dərc olunub. İndoneziyalı alimlər narahatlıqla mübarizədə özünü qucaqlamağın təsirini araşdırıblar. Tədqiqatda 22 könüllü iştirak edib və onlara DASS (Depressiya, Anksiyete, Stress Ölçmə Cədvəli) adlı sorğu təqdim olunub. Sorğu iştirakçılardan həm özünü qucaqlama proqramından əvvəl, həm də sonra doldurulub.

İştirakçılar bakalavr bitirmə işi yazan tələbələr olub və hamısında az da olsa narahatlıq əlamətləri müşahidə olunub. DASS sorğusunda iştirakçılar həm fiziki, həm də psixoloji narahatlıqla bağlı suallara cavab veriblər. Cavablara əsasən iştirakçılar narahatlıq səviyyələrinə görə aşağıdakı kateqoriyalara bölünüb: narahatlıq yoxdur, yüngül, orta, ciddi və panik.


Tədqiqat necə aparılıb?

Tədqiqat üç həftə davam edib və hər həftə bir dəfə olmaqla könüllülər özünü qucaqlama sessiyalarına dəvət olunub. Sessiya zamanı iştirakçılar ayaq üstə və rahat vəziyyətdə oturublar. Əllərini sinələrindən keçirərək barmaqlarını qarşı çiynə qoyublar və beləcə özlərini qucaqlayıblar. Daha sonra 30 saniyə ərzində dirsəklərini yavaş-yavaş irəli və geri hərəkət etdirərək “Mən bacararam!” kimi müsbət ifadələri təkrar ediblər.

Sessiyalardan əvvəl iştirakçıların 18.2%-i orta səviyyədə, 54.5%-i ciddi səviyyədə, 27.3%-i isə panik səviyyəsində narahatlıq hiss edirdi. Sessiyalardan sonra isə bu vəziyyət dəyişib: iştirakçıların 36.4%-i artıq yalnız yüngül narahatlıq hiss etdiyini, 63.6%-i isə orta səviyyəli narahatlıq yaşadığını qeyd etdi. Ən önəmlisi odur ki, heç kimdə artıq ciddi narahatlıq və ya panik vəziyyəti müşahidə olunmayıb. Statistiki analizlər də bu dəyişikliklərin əlamətdar və əhəmiyyətli olduğunu göstərib.


Nəticə: Özünü qucaqlamaq da kömək edir

Bu tədqiqatın nəticələri göstərib ki, insan tək olanda da özünə şəfqətlə yanaşaraq və özünü qucaqlayaraq narahatlıq hissini azalda bilər. Bu, xüsusilə də ətrafda onu anlayan və dəstək verən birinin olmadığı vaxtlarda faydalı ola bilər.

Ona görə də, növbəti dəfə stresli bir vəziyyətlə üz-üzə qaldıqda - məsələn, imtahan və ya çıxış öncəsi bir anlıq durub özünü qucaqlamağı və özünə güvən ifadələri deməyi sınayın. Bəlkə də ehtiyacınız olan şey sadəcə öz qucağınızdır.


Mənbə: psychology today 

Tərcümə etdi: Fatimə Cabbarlı 

Paylaş
Şərh əlavə et