İyirmi il əvvəl turistlərin Pankisi Vadisinə ayaq basması çətin olub. Qafqaz dağlarının bu yaşıl vadisi çeçen köklərə sahib müsəlman Kist icması ilə tanınır və əvvəllər "qanunsuzluq yuvası" kimi damğalanıb.
Turistlərə burada olmamaq tövsiyə olunub. Amma bu gün yerli ailələr bu stereotipləri qırmaq və vadinin əsl simasını göstərmək üçün turistləri qəbul edirlər. Burada insanlar atla gəzintiyə çıxır, kökə bişirir və sülh və ibadət mahnıları oxuyurlar.
2000-ci illərin əvvəllərində Pankisi Vadisinin nüfuzu pozulub. Çeçenistandan qaçan mülki insanlar və keçmiş döyüşçülər Gürcüstan sərhədində yerləşən bu vadidə sığınacaq tapıb. Amma bu köçlə yanaşı, bölgədə terrorçuların da gizləndiyinə dair əsassız iddialar yayılıb, hətta, Bin Ladenin burada gizləndiyi iddia edilib. Gürcü hökuməti ABŞ və Rusiya təzyiqi ilə bölgədə anti-terror əməliyyatları həyata kecirib, lakin yerli icmanın sosial və iqtisadi ehtiyaclarını qarşılamaq üçün çox az iş görülüb.
2010–2016-cı illərdə isə İŞİD-in dünyadakı radikallaşdırma təbliğatı buradakı gənclərə də təsir edib. 50-200 nəfər Suriyaya yollanaraq İŞİD sıralarına qoşulub. Ən tanınmış simalardan biri Pankisi əsilli Əbu Ömər əl-Şişani olub. Bu isə bir daha bölgəyə mənfi medianın diqqətini yönəlib. Halbuki bölgədə cinayət nisbəti çox aşağıdır. 2020-ci ildə Danimarka Miqrasiya Nazirliyi qeyd edib: “Pankisidə cinayət səviyyəsi yüksək deyil. Bölgə olduqca sakitdir”. Yerli sakinlər isə zarafatla deyirlər ki, polis gün boyu yalnız çay içməklə məşğuldur.
Səyyahlar artıq bölgədə yerli Kist bələdçilərlə gəzinti turlarına çıxır, kəndləri, mədəniyyəti öyrənirlər. Yollar Tbilisidən minibüs (marşrutka) vasitəsilə Ortachala Avtovağzalından gündəlik olaraq hərəkət edir. Gəzmək üçün ən yaxşı vaxt may-oktyabr aylarıdır. Dekabr-mart aylarında isə bəzi qonaq evləri fəaliyyət göstərmir. Hazırda Pankisi Vadisində, Duisi və Jokolo kəndlərində, yerli ailələr tərəfindən idarə olunan doqquz qonaq evi fəaliyyət göstərir. Burada Kist qonaqpərvərliyi və evdə hazırlanan dadlı yeməklər təklif olunur. Turistlər kəndləri piyada gəzə, köhnə keşikçi qalasına çıxaraq vadinin panoramik mənzərəsini seyr edə, Duisi kənd məscidində hər cümə günü keçirilən zikr mərasimində iştirak edə və ya Batsara Təbiət Qoruğunda yürüşə çıxa bilərlər. Vadidəki kəndlərin ətrafı meşə ilə örtülü təpələrlə çevrilib. Uşaqlar velosipedlə oyun oynayaraq turistlərə yaxınlaşıb "Haralısınız?" deyə soruşur. Böyüklər isə təbii çay təklif edir və istiqamət göstərir. Yerli əhalinin səmimiyyəti bu bölgəyə xüsusi bir istilik qatır.
Kistlər Gürcüstanın, əsasən, pravoslav əhalisindən fərqli olaraq, sufi müsəlmanlardır və musiqi, rituallar gündəlik həyatın bir parçasıdır. Mətbəx və dil də fərqlidir Çeçenistandan gələn əcdadlarından miras qalıb. Pankisinin uzaq və çətin çatımlı olmasına baxmayaraq, əslində Tbilisidən cəmi 2,5 saatlıq məsafədə, Akhmeta şəhərindən isə 20 km aralıdadır.
İlk qonaq evi olan "Nazy's Guesthouse" 2013-cü ildə Nazy Kurashvili tərəfindən açılıb. O, Gürcüstan Turizm Nazirliyini bu bölgəni rəsmi turizm xəritələrinə daxil etməyə razı salmaq üçün illər sərf edib. 2018-ci ildə Pankisi Turizm və İnkişaf Assosiasiyasını təsis edərək başqalarının da turizm biznesi qurmasına kömək edib. Artıq hər il yüzlərlə turist bura gəlir. Atla gəzintilər, yürüşlər, tarixi yerləri ziyarət, yemək dərsləri, keçə sənəti ustad dərsləri və çox daha artıq fəaliyyətlər təklif olunur. Batsara Qoruğunda isə dünyanın ən qədim və böyük yew (porsuq) meşələrindən biri yerləşir.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
