Bu gün:

Yaşlanmaq qorxusu: Niyə doğum Günləri bəzən kədərli gəlir?


Əvvəllər doğum günlərini böyük sevinclə qeyd etsək də, zaman keçdikcə bu günlərə bir az kədər də qarışır. Yaşlandıqca sadəcə bir il daha böyümək deyil, həm də saçların ağarması, üz cizgilərinin dərinləşməsi, bədənin əvvəlki kimi güclü olmaması və cəmiyyətdə "görünməz" olma qorxusu da gündəmə gəlir. Artıq zamanın necə keçdiyini daha çox hiss edirik və onu necə dəyərləndirdiyimizə yox, nə qədər tez keçdiyinə fokuslanırıq.

Bu məqalədə yaşlanmaq qorxusunu daha dərindən araşdıracağıq. Tarix boyu bu qorxunun necə mövcud olduğunu, müasir dövrdə niyə daha da gücləndiyini və insanların yaşlanmaqdan niyə qorxduğunu incələyəcəyik. Eyni zamanda, bu qorxu ilə necə başa çıxa biləcəyimiz barədə də faydalı tövsiyələr verəcəyik.

Yaşlanmaq qorxusunun tarixi mənzərəsi

Yaşlanmaq qorxusu qədimdən mövcuddur. Bir çox cəmiyyətdə gənclik güc, məhsuldarlıq, gözəllik və sağlamlıqla əlaqələndirilirdi. Əksinə, yaşlılıq isə zəifləmə, yorğunluq və geri qalmışlıqla assosiasiya olunurdu.

“Ədəbiyyatda və mifologiyada belə, əbədi gənclik axtarışı ilə bağlı saysız-hesabsız hekayələrə rast gəlirik,” – deyə lisenziyalı klinik sosial işçi və Mission Connection Healthcare-in icraçı direktoru Eşli Peña bildirir.

O qeyd edir ki, əvvəllər yaşlı insanlar təcrübə və müdriklik simvolu kimi dəyərləndirilirdisə, 20-ci əsrdə sənayeləşmə artdıqca bu yanaşma dəyişdi. Cəmiyyət daha çox görünüşə yönəldi və insanın biliyi və töhfəsi deyil, necə göründüyü ön plana çəkildi. Gözəllik sənayesinin böyüməsi və istehlakçılığın artması da bu dəyişiklikdə mühüm rol oynadı.

Niyə yaşlanmaqdan bu qədər qorxuruq?

Geraskofobiya — yaşlanmaqdan qorxmaq anlamına gələn psixoloji bir termindir. Bu qorxu fiziki zəifləmə, müstəqilliyini itirmək və ya cəmiyyətin bizi “yaşlı” kimi qəbul etməsi ilə bağlı narahatlıqlardan qaynaqlana bilər.

Peña qeyd edir ki, yaşlanmaq qorxusu qədim olsa da, onun ifadə olunma forması zamanla dəyişib. Bu gün gözəllik mədəniyyətinin təsiri, sosial medianın gücü və daim ideal görünən məşhurların (məsələn, En Hetuey, Cenifer Lopez) qarşımıza çıxması bu qorxunu daha da dərinləşdirir.

Plastik cərrahiyyə, botoks və digər estetik prosedurların əlçatan olması isə “gəncliyi saxlamaq” yarışını bir seçim yox, bir öhdəlik kimi göstərir.

Müasir dünyada yaşlanmaq

Hazırda elə bir dövrdə yaşayırıq ki, sosial media üzərindən daim "yaşsız" görünən insanlarla qarşılaşırıq. Bu da özümüzü onlarla müqayisə etməyə səbəb olur və təzyiq yaradır. MK Clarkin, klinik sosial işçi və LifeStance Health-in icraçı direktoru qeyd edir ki, amerikalılar arasında ölüm qorxusu yalnız sağ qalmaq instinkti ilə bağlı deyil — ölüm və yaşlanma mövzuları tabu hesab olunur.

Cəmiyyətdə bu qorxu daha çox görünüşə, cavan qalmağa və "ölümə yaxınlaşmamaq" düşüncəsinə bağlanır.

Psixoloji təsirlər

Telefonlarımızda daim ideal görünən insanların şəkilləri ilə qarşılaşmaq bizdə "yetərli deyilik" hissi yaradır. Bu da yaşlanmaq qorxusunu daha da artırır. Geraskofobiyanın digər səbəblərinə aşağıdakılar daxildir:

Cəmiyyətdə yaşlı insanların dəyərsiz görülməsi

Karyerada yaş məhdudiyyətləri

Sosial təcrid olma qorxusu

Sağlamlıqla bağlı problemlər

Tək qalmaq, yaxınları itirmək qorxusu

Necə başa çıxmaq olar?

Yaşlanmaqdan qorxmaq təbii olsa da, bu qorxunu idarə etməyin yolları mövcuddur:

1. Dəyərini yenidən müəyyən et: Özünü yalnız görünüşünlə yox, biliklərin, təcrübələrin və mərhəmətinlə qiymətləndir.

2. Medianı təhlil et: Sosial mediada gördüklərinin redaktə edilmiş olduğunu unutma. Real həyatda hər kəs qocalır.

3. Bədənini sev: Sağlamlıq və güc ön plandadır. Bədənin keçdiyi yollar üçün ona minnətdar ol.

4. Məqsəd tap: Həyatın müxtəlif mərhələləri fərqli imkanlar gətirir. Yaşlanmaq inkişaf fürsətidir.

5. Dəstək al: Bu hisslər çox insana tanışdır. Psixoloq və ya yaxın insanlarla bu mövzuda danışmaq faydalı ola bilər.

 Mənbə: verywell mind 

Tərcümə etdi: Fatimə Cabbarlı

Paylaş
Şərh əlavə et