24media.az-ın budəfəki müsahibi hüquqşünas Ramil Süleymanovdur. O, istehlakçı hüquqları və vaxtı keçmiş məhsullarla bağlı məsuliyyət məsələsinə aydınlıq gətirib.
-Vaxtı keçmiş məhsulu alıb istifadə edən şəxsin sağlamlığına zərər dəyərsə, hüquqi məsuliyyət necə müəyyən olunur?
İstehlakçılar tərəfindən qüsurlu məhsul aşkarlandıqda istər mağazada, istərsə də ev şəraitində ilk növbədə həmin məhsulu özlərində saxlamalı və Azərbaycan Respublikası Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə elektron və ya yazılı formada müraciət etməlidirlər.
Hüquqşünas bildirir ki, əgər məhsulun istifadəsi nəticəsində vətəndaşın sağlamlığına zərər dəyibsə və bu ciddi nəticələrə gətirib çıxarıbsa, bu zaman vətəndaş hüquq-mühafizə orqanlarına da müraciət edə bilər.
İstehlakçı hüquqlarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən saxlama müddəti bitmiş məhsulların satışı, çəkisi və qablaşdırma xüsusiyyətlərinə dair aldatma, eləcə də ölçü cihazları ilə bağlı pozuntulara görə fiziki şəxslər 350–500 manat, vəzifəli şəxslər 500–2000 manat, hüquqi şəxslər isə 4000–6000 manat aralığında cərimə oluna bilər. Qeyd edək ki, vurulmuş zərər 5000 manatdan yuxarı deyilsə, bu zaman məsuliyyət inzibati xarakter daşıyır. Lakin zərər 5000 manatdan çox olduqda, artıq cinayət məsuliyyəti yaranır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-cü maddəsinə əsasən, belə hallarda 3000–5000 manat məbləğində cərimə və ya 360–480 saat ictimai işlər cəzası tətbiq oluna bilər. Əgər bu cinayət külli miqdarda törədilərsə və ya bir qrup şəxs tərəfindən həyata keçirilərsə, qanunvericiliyə əsasən, 6 aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Fidan Abdullayeva