Bu gün:

“İdmançı olmasaydım, yəqin ki, fəhlə olacaqdım” - Qara Qarayevlə MÜSAHİBƏ


24Media-nın növbəti müsahibi Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi, Azərbaycan millisinin üzvü Qara Qarayevdir.

Bütün dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı 2020-ci ildə "Qarabağ"ı və özünüzü necə dəyərləndirirsiniz?

-Koronavirus bizdən də təsirsiz ötüşmədi. Biz bu problemləri aşmağa çalışırıq. Ola bilər ki, yetərli olmasın, amma əlimizdən gələni edəcəyik. Biz 5-6 aydır ki, rahat oyun oynamırıq, bu da bizim göstəricilərimizə, oyun praktikamıza təsir edəcək. Hazırda biz məşqlərlə bu problemi aradan qaldırmağa çalışırıq. Bunu nə dərəcədə bacardığımız, yəqin ki, bu liqanın 1-ci rəsmi oyununda bəlli olacaq. İndidən dəyərləndirmə etmək çətindir. Amma bizi çox çətinliklər gözləyir. 

 Dünyaya gəlişinizdən 10 ay sonra işğal olunmuş Füzuli rayonu ilə bu gün sizi birləşdirən hansı dəyərlər var? Həmçinin son günlərdə baş verən Tovuz hadisələrinə münasibətiniz necədi?

-Təbii ki, o dönəmlər dərk etmirdim, amma böyüdükcə, özümü dərk etdikcə nə qədər çətin olduğunu başa düşdüm. Öz doğma torpaqlarını itirmək, doğulduğun evə gedə bilməmək, doğulduğun bölgəni ziyarət edə bilməmək çox çətindir. Mən düşünürəm ki, yaş ötdükcə bu ağrı, acı mənə daha çox əziyyət verir. İnşallah, ümidimiz tezliklə həm Füzuli, həm Qarabağ, həm də işğalda olan bütün rayonlarımızın azad olunmasıdır və həmişə də bu niyyətlə, bu amalla yaşayacağıq. 

Tovuzda baş verən hadisələrlə bağlı hər zaman dövlətimizin, xalqımızın, millətimizin yanındayıq. Sərhədlərimizdə hər hansı təhlükə olarsa, biz birik, əsgərik və mövqeyimiz də, münasibətimiz də kəskindir. Biz öz ərazi bütövlüyümüzü qorumaq üçün əlimizdən gələni edəcəyik. Mən fikirləşirəm ki, döyüşməsək belə hamımız öz sahəmizdə vicdanla işləsək, o zaman biz də ordumuza, dövlətimizə kömək etmiş olarıq. Hazırda orada vuruşan, oranı qoruyan əsgərlərimiz var, onların qarşısında baş əyirik və biz onlarla birik, hər zaman da belə çirkin addımları qınayacağıq.

İndiki bir çox futbolçulardan fərqli olaraq sadəsiniz. Bu nədən irəli gəlir?

-Təşəkkür edirəm ki, məni sadə biri kimi görürsünüz. Hər zaman özümdə çox çatışmazlıqlar görmüşəm və nə qədər mənim sadə olduğumu desələr də, mənim də çatışmayan cəhətlərimin olduğunu düşünürəm. İstər həyatda, istər idmanda özümüzdən böyükləri və bizdən öncə yaxşı karyera keçirmiş futbolçuları nümunə götürmüşəm. Düşünürəm ki, mən tək deyiləm. Bir çox idmançılar var ki, həm meydanda, həm həyatda hər zaman özlərini sadə aparmağa çalışıblar. Belə idmançılar əksəriyyət təşkil edir.

 Qarabağla Avropa Liqası və Çempionlar liqasında müəyyən uğurlara imza atmısınız. Yeni baş məşqçi dəyişikliyindən sonra Azərbaycan milli komandasından gözləntiləriniz nədir?

-Qarabağın Avropa Liqası və Çempionlar Liqasındakı uğurunun təməli “ailə ortamı” olub. Azəkeşlər böyük dəstək göstərib. Hər zaman bizi orada saxlayan, daha çox uğur qazanmağımıza səbəb olan təməl amillərdən biri “Qarabağ” adı olub. Hər zaman çalışmışam ki, həm Qarabağlı olduğum üçün, həm də “Qarabağ” adı üçün vuruşam. Əlimizdən gələni etmişik ki, hər yerdə bu adı uca tutaq və nəticə qazanaq.  

Milliyə yeni baş məşqçi təyin olundu. Hamımızın gözləntisi daha yaxşı uğurlara imza atmaqdır. Bilirsiniz ki, milli komanda ilə klublardakı kimi uğurlara imza atmamışıq. İnşallah, De Byazinin gəlişi ilə bizə təkan olar və milli komandamız yeni səhifə açmış olar. Gözləntilərimiz yüksəkdir. Sentyabrda başlayacağımız oyunlardan etibarən əlimizdən gələni edəcəyik ki, bayrağımızı uca tutaq, döyüşək və əlimizdən gələni edək. Yeni məşqçinin də gəlişi həm futbolçular, həm də milli komanda üçün stimuldur. İnşallah ki, növbəti oyunlarda, növbəti yarışlarda əlimizdən gələni edəcəyik.

 Bir futbolçu kimi çatışmayan cəhətiniz hansıdır?

-Hər futbolçuda çatışmayan cəhətlər fərqli ola bilər. Ümumiyyətlə, idmançı insan uğurlarında belə çatışmazlıqlarını düşünməlidir. Çünki yüksəliş yalnız öz çatışmazlıqlarını görməkdədir. Hər zaman özündə nöqsan axtarmalısan. Mən deyə bilmərəm ki, hazırda kimlərinsə çatışmayan cəhəti var, ya yox, amma daim üzərimizdə çalışmalıyıq. Özümüzdəki nöqsanları daha çox görməliyik. Nə qədər nəticə qazansaq da, bunu az kimi görməliyik ki, daha çoxunu əldə edək.

 İdealınız kimdir? Hansı ulduz futbolçu ilə forma dəyişdirmək istərdiniz?

-İdealım oynadığım mövqeyə görə Serxio Busketsdir. Mən “Barselona” fanatıyam. Hər zaman istəmişəm ki, Serxio Buskets ilə forma dəyişim. İnşallah, bir gün qismət olar, qarşı-qarşıya oynayaram və formamı sevə-sevə dəyişərəm.

Dahi bəstəkarımız Qara Qarayevdən sonra bu ad və soyad ilə məşhurlaşmaq asandır ya çətin?

-Mənim üçün sevindirici haldır ki, dahi bəstəkar Qara Qarayevlə eyni adı daşıyıram. Amma nə qədər çox uğur qazansaq da, onun adını kölgədə qoya bilmərik. Artıq Qara Qarayevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu heç vaxt silinməyəcək. Biz nə qədər uğur qazansaq da, ilk ağıla gələn bəstəkarımız Qara Qarayev olacaq. Mən də çalışıram, əziyyət çəkirəm və istəyirəm ki, Allah nəsib edərsə, futbol sahəsində də Qara Qarayev adı “Qarabağ” klubu ilə məşhur olsun, idmanımızda fərqli isimlərdən biri olsun.

 Qara Qarayev futbolçu olmasaydı, kim olardı?

-Ümumiyyətlə, Azərbaycanda idmanla, xüsusən futbolla təhsili paralel şəkildə inkişaf etdirmək olmur. Əgər futbola başlasan, təhsildən geri qalırsan. Təhsildən geri qaldığın dönəmdə də avtomatik olaraq sən ya fəhlə olursan, ya da haradasa işləyirsən. Düşünürəm ki, idmançı olmasaydım, yəqin ki, fəhlə olacaqdım.

Müsahibələrinizin birində çempionatımızın səviyyəsinin aşağı olduğunu demisiniz. Sizcə günahkar kimdir: futbolçular, azərkeşlər, yoxsa AFFA?

-Biz bir idmançı kimi hər zaman arzu etmişik ki, çempionatımızın səviyyəsi yüksək olsun, çoxlu komandalarımız olsun. Problemin kimdə olduğunu deyil, nədə olduğunu axtarmaq lazımdır. Biz nə etməliyik ki, daha yaxşı oynayaq, daha yaxşı liqamız olsun? Bu qaçınılmazdır ki, nə qədər yaxşı liqamız olarsa, beynəlxalq arenalarda bir o qədər çox uğurlarımız olacaq. Məncə, problemin kimlərdən yox, nələrdən qaynaqlandığını öyrənməliyik və bu problemi həll etməliyik.

Qurban Qurbanovun baş məşqçiliyi ilə “Qarabağ”da 7-ci dəfə Azərbaycan Premyer Liqa kubokunun sahibi oldunuz. Sizcə, Qurban Qurbanov “Qarabağ”ı çempion edir, yoxsa “Qarabağ” Qurban Qurbanovu?

-Qurban Qurbanov haqqında çox danışa bilərəm. İlk başladığım vaxtlardan Qurban Qurbanov məni A komandasına dəvət etdi və mənə inandı. Bu gün Qara Qarayevin və bir çox futbolçuların oynamasında, Azərbaycan futbolunda ortaya çıxmasında Qurban Qurbanovun bilavasitə rolu olub. Qurban müəllimin həm insani keyfiyyətləri, həm məşqçi keyfiyyətləri, həm xarakteri idmançıya uyğun tərzdədir. O, bir idmançının, bir futbolçunun yaxşı olması üçün əlindən gələni edəcək adamdır. Düşünürəm ki, Qurban Qurbanov “Qarabağ”ı çempion edir. Çempionluğumuzun ən böyük səbəbi belə məşqçi ilə işləməyimizdir. Düşünürəm ki, “Qarabağ” klubu olaraq ən böyük şansımız Qurban Qurbanov kimi məşqçi ilə birlikdə çalışmağımızdır. Artıq 7 ildir ki, Qurban Qurbanov həm beynəlxalq arenalarda, həm ölkədə “Qarabağ”a uğur qazandıran ən vacib insanlardan biridir.

Vurğun Mədətov.

 

Paylaş
Şərh əlavə et