24Media.az-ın budəfəki qonağı hüquqşünas Ramil Süleymanovdur. O, məişət zorakılığı ilə bağlı suallarımızı cavablandırıb.
- Məişət zorakılığına dair müraciətlərdə ən çox rastlanan problemlər hansılardır?
Ümumiyyətlə, məişət zorakılığının qarşısı Azərbaycan Respublikasının "Məişət zorakılığının qarşısının alınması" haqqında qanunu ilə alınır. Bu məsələyə dair daxil olan müraciətlərə əsasən, ən çox rastlanan problem ailədaxili zorakılıqdır. Bu, birgə yaşayış dövründə tərəflərdən birinin digərinə qarşı zorakı və istismar xarakterli davranışları ilə özünü göstərir.
- Məişət zorakılığına məruz qalan şəxslərin hüquqlarını necə qorumaq olar?
Ümumiyyətlə, zorakılığa məruz qalan şəxs ilk olaraq hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Onun şikayəti obyektiv şəkildə araşdırılacaq və nəticədə zorakılıq törədən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq məsuliyyətə cəlb ediləcək.
Qeyd edək ki, məişət zorakılığı ilə bağlı qanunvericilikdə göstərilir ki, əgər müraciət edən şəxsin şikayəti əsaslı hesab olunarsa, məhkəmə tərəfindən ona qısa və ya uzunmüddətli mühafizə orderi verilə bilər. Bu orderin qüvvəyə minməsi ilə zorakılığı törədən şəxsin izolyasiyası təmin edilir və zərərçəkmiş qanunvericilik çərçivəsində qoruma altına alınır.
- Azərbaycan Respublikasının qanunvericiliyinə görə zorakılıq göstərən şəxslərə hansı cəzalar tətbiq edilə bilər?
Məişət zorakılığı törədən şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunarsa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 158-ci maddəsinə əsasən, 300 manatdan 500 manatadək cərimə edilə bilərlər.
Əgər şəxsin əməli ictimai təhlükəli xarakter daşıyırsa, o zaman məsələ Cinayət Məcəlləsi çərçivəsində araşdırılır. Bu halda, törədilmiş zorakılığın ağırlıq dərəcəsinə uyğun olaraq, şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri – 126-cı (sağlamlığa qəsdən ağır xəsarət yetirmə), 127-ci (sağlamlığa az ağır və ya ağır xəsarət yetirmə) və 128-ci (sağlamlığa yüngül xəsarət yetirmə) maddələri ilə məsuliyyətə cəlb edilə bilər. Cinayət əməlindən asılı olaraq, şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər.
Ayxan Cəfərov