24media.az-ın budəfəki qonağı hüquqşünas Ayxan Məmmədlidir. O, cinayətlərin profilaktikası və hüquq sisteminin bu sahədəki rolu haqqında danışıb.
- Cinayətlərin qarşısının alınması üçün ən effektiv hüquqi və inzibati tədbirlər hansılardır?
Cinayətlərin qarşısının alınmasında təkcə ağır cəzaların tətbiqi deyil, daha çox maarifləndirməyə əsaslanan strategiyaların həyata keçirilməsi daha effektivdir. İnsan təbiətcə qadağalara maraq göstərə bildiyi üçün onu sadəcə cəza ilə qorxutmaq əvəzinə, qanunsuz hərəkətlərin cəmiyyətə və fərdlərə vurduğu ziyan əyani şəkildə izah edilməlidir.
Son illərdə ölkəmizdə də bu yanaşmaya doğru müsbət dəyişikliklər müşahidə olunur. Sovet dövründə olduğu kimi ağır cəzalar tətbiq etmək əvəzinə, daha yüngül və eyni zamanda təsirli cəza üsullarının seçilməsi daha məqsədəuyğundur. Burada əsas məqsəd cəzaçəkmə müəssisələrini doldurmaq deyil, cinayət törədən şəxsi islah edərək onu cəmiyyətə yenidən qazandırmaqdır. Bunun üçün məhkumların işlə təmin olunmasını dəstəkləyən məşğulluq proqramlarının genişləndirilməsi və məktəblərdə hüquqi biliklərin tədrisinə daha çox diqqət yetirilməsi faydalı ola bilər.
- Cinayət profilaktikasında cəmiyyətin və vətəndaşların rolu nədən ibarətdir?
Cinayət törədənlərin əhəmiyyətli bir hissəsi əvvəllər məhkum olunmuş şəxslərdir. Bunun əsas səbəblərindən biri cəmiyyətin onları qəbul etməməsi və hələ də cinayətkar kimi görməsidir. Halbuki qanunvericiliyə görə, cəzasını çəkmiş şəxs artıq yeni bir başlanğıc haqqına sahibdir və cinayət törətməmiş biri kimi qəbul edilməlidir.
Mediada bu şəxslərin “əvvəllər məhkum olunmuş” kimi təqdim edilməsi cəmiyyətdə yanlış təsəvvürlərin yaranmasına səbəb olur. Bu yanaşma dəyişmədikcə, həmin şəxslərin yenidən cinayətə meyillənmə ehtimalı artır. Cəmiyyət və vətəndaşlar, cəzasını çəkmiş insanları “cinayətkar” kimi deyil, “səhv etmiş və bunun qarşılığını ödəmiş” insanlar kimi görməlidirlər. Əks halda, onların sosial həyata adaptasiyası çətinləşir və təkrar cinayət törətmə riski yüksəlir.
- Müasir dövrdə hüquq-mühafizə orqanları cinayətkarlığın qarşısını almaqda hansı çətinliklərlə üzləşir?
Texnologiyanın sürətli inkişafı cinayətkarlığın da yeni formalar qazanmasına gətirib çıxarır. Süni intellekt vasitəsilə insanların vizual və audio məlumatlarının saxtalaşdırılması, kiber dələduzluqların artması və yüksək texnologiyaların cinayətkarların əlinə keçməsi bu sahədə hüquq-mühafizə orqanlarının qarşısında duran əsas problemlərdən biridir.
Burada iki əsas çətinlik yaranır:
1. Cinayətkarın müəyyən edilməsi və tutulması – Virtual mühitdə törədilən cinayətlərdə cinayətkarın kimliyini aşkar etmək çətinlik yaradır
2. Cinayət faktının sübuta yetirilməsi və cəzalandırılması – Əgər belə əməllər qanunvericilikdə açıq şəkildə cinayət kimi tanınmayıbsa, onları sübut etmək və məsuliyyətə cəlb etmək daha çətin olur.
Bu səbəbdən qanunvericiliyin texnoloji yeniliklərlə ayaqlaşması və hüquq-mühafizə orqanlarının müasir metodlarla təchiz edilməsi olduqca vacibdir.
Zeynəb Yunuszadə