Bu gün:

İnklüziv təhsil nədir?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı təhsil eksperti Kamran Əsədovdur. O, inklüziv təhsilin vacibliyi barədə danışıb.

İnklüziv təhsil nədir və niyə vacibdir?

Sağlamlıq imkanları məhdud şagird və tələbələrin rastlaşdığı bir çox problemləri var ki, onlar inklüziv cəmiyyətin yaranmasına və, ümumiyyətlə, təhsilli əhalinin yetişməsinə ciddi əngəllər törədir. Belə ki, müyəssər infrastrukturun olmadığı bir şəraitdə təhsillə bağlı proqramlar heç bir ciddi effekt verə bilməz. Hazırkı nəqliyyat strukturu və küçələrin, yolların quruluşu sağlamlığı məhdud şəxslərin müstəqil hərəkətinə ciddi maneələr törədir. Hətta dövlət qurumları, təhsil müəssisələri və şirkətlərin bir çoxunun binası da müyəssərlik cəhətdən geri qalırlar. Hazırda Azərbaycan təhsil sistemində inklüziv təhsil sistemi mövcud deyildir. Buna görə də sağlamlıq imkanları məhdud şəxslər xüsusi təhsil ocaqlarında təhsil alırlar. Lakin sevindirici haldır ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının Fəaliyyət Planında yaxın gələcəkdə məktəbəqədər və ümumi təhsil müəssisələrinin inklüziv təhsil üzrə məqsədli əlavə təhsil proqramlarının hazırlanması və həyata keçirilməsi nəzərdə tutulmuşdur. Effektiv təhsilin və dolğun inkluziyanın təmin edilməsinin başlıca yollarından bir neçəsi infrastrukturun müyəssərliyi, sağlamlıq imkanları məhdud şəxslər üçün adekvat vasitələrin təminatı və sağlamlıq imkanları məhdud şəxslərə uyğun tədris materiallarının hazırlanmasıdır. Estoniyada olduğu kimi, Azərbaycanda da məktəblərin xüsusi ehtiyacları olan şagirdlər üçün proqram hazırlaması və bu məsələyə məsul koordinator təşkil etməsini təklif edirik. Bundan başqa, sağlamlıq imkanları məhdud şəxslər üçün fərdiləşdirilmiş adekvat kurrikulumların hazırlanaraq həm xüsusi təhsil ocaqlarında, həm də normal məktəblərdə tətbiq edilməsi inkluziv təhsilin inkişafına dəstək ola bilər. Sağlam uşaqlarla inkişaf qüsurları olan uşaqların bir yerdə təhsil almasına dair mübahisələr indiyədək səngimək bilmir. Əlil uşağın uşaq bağçasında kollektivlə konfliktdən yayınmasına və təhsil proqramının öhdəsindən gəlməsinə necə kömək etmək olar, necə etmək olar ki, o, dərslərdə yorulmasın və özünə inamını itirməsin. Hər bir uşağın təhsil hüququ var. Səhiyyə və təhsil orqanları onu məhdudlaşdırmır. Bu prosesdən hər iki tərəf udur. Bununla yanaşı hələ bilinmir hansı tərəf daha çox qazanır – buna daha çox ehtiyacı olan əlil uşaq, yoxsa xeyirxahlıq və tolerantlıq dərsləri keçən adi uşaqlar.

Lalə Mənəfova


Paylaş
Şərh əlavə et