Mike White tərəfindən yazılan “The White Lotus” qara komediya-dram beşulduzlu “White Lotus” kurortundakı qonaqlar və işçilərin həyatını izləyir. Şou zənginlərin həddindən artıq dəbdəbəsini və bu fon qarşısında çalışanların mübarizəsini satirik üslubda təsvir edir. İlk epizoddan etibarən, cənnət kimi görünən bu məkanın faciə ilə nəticələnəcəyini hiss etmək mümkündür. İlk mövsümdə bir tabut təyyarədən endirilir, ikinci mövsümdə isə bir cəsəd dənizdə tapılır. Üçüncü mövsümün treyleri isə silah görüntüləri və palmiyaların kölgəsində pıçıltılarla bürünən cəsəd torbalarını nümayiş etdirir.


TV şoularının turizmə təsiri
Görünən odur ki, qorxulu və satirik mövzularına baxmayaraq, hər kəs “White Lotus” kurortlarında qalmaq istəyir. 2024-cü ilin ortalarında serialın üçüncü mövsümünün Tailandda çəkiləcəyi elan ediləndə ölkəyə səyahət marağı sürətlə artıb. Aviabiletlərin axtarışları yüksəlib, Finnair kimi hava yolları Taylandın Puket şəhərinə əlavə uçuşlar əlavə edib. Hotels.com şounun çəkildiyi "Four Seasons Resort Koh Samui" otelinə marağın 40% artdığını bildirib. İkinci mövsüm Siciliyada, Taormina şəhərində yerləşən "Four Seasons San Domenico Palace" otelində çəkilib və buraya maraq o qədər artıb ki, otel altı ay əvvəlcədən dolub. İlk mövsüm isə Havay adalarında yerləşən "Four Seasons Resort Maui at Wailea" otelində çəkilib və buranın veb saytına baxışlar 42,5%, rezervasiya yoxlamaları isə 38,6% artıb.
Filmlər və serialların səyahətə təsiri
“The White Lotus” populyar mədəniyyətin turizmə təsir etdiyi ilk nümunə deyil. “The Lord of the Rings” və “The Sound of Music” kimi filmlərin də oxşar təsiri olub. “Emily in Paris” serialı isə Fransa turizminə təsirinə görə həm tənqid olunub, həm də geniş maraq görüb.
Ekran turizmi mütəxəssisi Seren Welch-in sözlərinə görə, 2015-ci ildə Böyük Britaniyaya gələn turistlərin beşindən biri gördükləri filmlər və seriallar sayəsində bu ölkəyə səyahət edib. Lakin son illərdə bu rəqəm artıb – hazırda Britaniyaya gələnlərin onundan doqquzu filmlər və TV şoularından ilham alır. Bu dəyişiklik əsasən yayım platformalarının yayılmasına bağlıdır. Welch qeyd edir ki, 10 il əvvəl Disney+ mövcud olmayıb və Netflix hələ geniş yayılmayıb. İndi isə platformalar istənilən yerdə izləmə imkanı təqdim edir və izləyicilərin davranışlarını daha çox yönləndirir.
British Airways-in bir icraçısı bildirib ki, hansısa istiqamətə maraq birdən-birə artdıqda bunun səbəbini Netflix-də populyarlaşan seriallarda axtarırlar.
Çəkiliş məkanları necə seçilir?
Mark Kamine, “The White Lotus”un icraçı prodüseri, uzun illərdir çəkiliş məkanları ilə məşğuldur. O, “The Sopranos” serialının bütün altı mövsümündə işləyib, həmçinin “Ted”, “American Hustle” və “Silver Linings Playbook” kimi filmlərdə yer alıb.
Onun yeni kitabı çəkiliş yerləri ilə bağlı arxa plandakı çətinlikləri izah edir.
Kitabda mafiyanın qətl səhnələri üçün məkan seçimindən büdcəyə uyğun alternativ məkan tapmaq məsələlərinə qədər müxtəlif təcrübələr bölüşülür.
Kamine bildirir ki, “The White Lotus” serialı üçüncü mövsümə keçərkən əvvəlcə Koreya, Filippin, Yaponiya, Bali və Şri Lanka kimi yerlər nəzərdən keçirilib. Sonda Yaponiya və Tayland arasında seçim aparılıb və Tayland uyğun hesab edilib.
Taylanddakı əsas çəkiliş məkanları
Yeni mövsümün çəkilişləri əsasən "Four Seasons Resort Koh Samui" otelində aparılıb. Bundan əlavə, Mandarin Oriental Bangkok, Anantara Mai Khao Phuket Villas və Anantara Bophut Koh Samui Resort da çəkilişlər üçün istifadə edilib.
Lakin bəzi səhnələr bir məkanda çəkilsə də, montaj nəticəsində başqa bir yer kimi görünə bilər. Kamine qeyd edir ki, Siciliyada çəkilən ikinci mövsümdə çimərlik göründüyü yerdə deyil. Üçüncü mövsümdə də bəzi ümumi sahələr fərqli otellərdə çəkilib. Əsas məqsəd vizual olaraq cəlbedici görüntülər təqdim etməkdir.
“The White Lotus” komandası çəkilişlərin turizmə təsirinin fərqindədir. Kamine əvvəlki mövsümlərin çəkildiyi otellərin menecerləri ilə əlaqə saxladıqlarını və bu otellərin artıq mövcud turizm infrastrukturuna sahib olduqlarını bildirir.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
