İslandiya həmişə bugünkü kimi məşhur bir səyahət məkanı olmayıb. 1990-cı illərin əvvəllərində ölkəni ildə cəmi 130,000-dən bir az çox insan ziyarət edib. Lakin 2023-cü ilə qədər bu rəqəm 2,21 milyona çatıb və təxminən 380,000 nəfərlik kiçik İslandiya əhalisini çox geridə qoyub. Mütəxəssislər bunun uğurlu marketinq, sosial mediada məşhurluq və ölkənin təbii gözəlliklərinin birləşməsinin nəticəsi olduğunu bildirirlər.
2014-cü ildə həyata keçirilən #MyStopover kampaniyası səyahətçilərə qısa dayanacaqlarını bir həftəlik macəraya çevirməyə imkan verib və nəticədə, isti bulaqlar, buzlaq göllər və vulkanik qara qumlu çimərliklər sosial media platformalarını bürüyüb. Beləliklə, İslandiya artıq yalnız cəsur səyyahlar üçün nəzərdə tutulan məkan deyil – o hər bir turistin arzuladığı yerə çevrilib.
Lakin İslandiyada turizmin artması bəzi problemlərə səbəb olub. Çox sayda turist gəldiyi üçün məşhur yerlərdə sıxlıq yaranıb və narahatlığa səbəb olub. Bunun həlli üçün turistlərin yeni yerləri kəşf etməsi tövsiyə edilib. Məsələn, ölkənin şimalında yerləşən Akureyri və Husavik kimi şəhərlər həm gözəl təbiəti, həm də sakit mühiti ilə yaxşı alternativ ola bilər.
Husavik İslandiyanın ən qədim yaşayış məntəqəsi və eyni zamanda, Avropanın balina paytaxtı kimi tanınır. Bu kiçik sahil şəhəri əvvəllər balina ovu sənayesi ilə məşhur olub. Hazırda İslandiya kommersiya məqsədilə balina ovuna icazə verən cəmi üç ölkədən biridir. Lakin son illərdə bir çox köhnə balina ovu gəmiləri balina müşahidəsi gəmilərinə çevrilib və turizmi inkişaf etdirmək üçün istifadə olunur. Bu bölgədə olan balina növləri arasında humpback balinaları, orcalar və minke balinaları var. Bundan əlavə, bir çox balina müşahidə gəmiləri dizel mühərrikləri əvəzinə elektrik mühərriklərindən istifadə edir ki, bu da həm sərnişinlər, həm də dəniz canlıları üçün daha sakit və rahat bir təcrübə yaradır.
İslandiyanın tarixi və mədəniyyəti
Şimal bölgəsi İslandiyanın tarixi və mədəniyyəti haqqında öyrənmək üçün də ideal yerdir. Husavikdən təxminən 200 km qərbdə yerləşən Södarkroukur şəhərində “1238: İslandiya Döyüşü” adlı muzeyi ziyarət edə bilərsiniz. Burada Örlygsstazir döyüşü virtual reallıq vasitəsilə canlandırılır. Muzeydə XI əsrə aid tarixi əşyalar da nümayiş etdirilir ki, bu da ölkənin Viking keçmişinə dair real sübutlar təqdim edir.
“Hər bir nəsil tarixi qorumaq və onu başa düşülən bir şəkildə çatdırmaq məsuliyyətini daşıyır ,– deyə muzeyin meneceri Freyja Rut bildirir,- biz artıq növbəti mərhələyə qədəm qoymuşuq. Tarixi maraqlı etmək üçün texnologiyadan istifadə etməliyik”.
Daha bir maraqlı tarixi element isə İslandiyanın məşhur torf evləridir. Bu torf evləri Vikinglərin uzun evlərindən ilhamlanaraq tikilən maraqlı yaşayış yerləridir. Bu evlər çəmənlə örtüldüyü üçün təbiətlə birləşir və nağıllardakı kimi görünür. Ağac və daşdan tikilən bu evlər üzəri qalın torf qatı ilə örtüldüyü üçün soyuq hava şəraitində içərini isti saxlayır. İslandiyalılar bu evlər sayəsində sərt iqlimə uyğun yaşamağı bacarıblar. Ölkənin şimalında Glaumber torf ferması və Vidimyri torf kilsəsi bu evlərin ən gözəl nümunələrindəndir.
İslandiyanın qoyunları və ənənəvi toxuculuq sənəti
Qoyunçuluq və toxuculuq İslandiyanın mədəniyyətində mühüm rol oynayır. Buradakı sərbəst otlayan davamlı və dözümlü qoyunlar Viking dövründən qalan irsin bir hissəsi hesab olunur. Onların yunundan məşhur İslandiya lopapeysa sviterləri toxunur. Bu sviterlər dairəvi naxışlı yaxalıqları və inanılmaz istiliyi ilə bütün dünyada tanınır və İslandiyanın pastoral həyatına canlı bağlantıdır.
Məsuliyyətli turizm və İslandiyanın gələcəyi
Turizmin artması ilə İslandiya ətraf mühitin çirklənməsi və turistlərin təhlükəli davranışları kimi problemlərlə üzləşib. Məsələn, bəzi ziyarətçilər fəal vulkan zonalarına həddindən artıq yaxınlaşaraq riskə girirlər. Bu cür davranışların qarşısını almaq üçün 2017-ci ildə ölkə “İslandiya andı” adlı təşəbbüs irəli sürüb. Bu, ziyarətçiləri məsuliyyətli və diqqətli davranmağa təşviq edən bir anddır. İslandiya hökuməti və yerli turizm sektoru turistləri ölkənin daha az tədqiq olunan hissələrini kəşf etməyə təşviq etməklə həm mədəni irsini, həm də ekosistemini qorumağı hədəfləyir. Bu yanaşma sayəsində İslandiya həm populyarlığını qoruyub saxlamaq, həm də öz təbii gözəlliklərini və unikal mədəniyyətini uzun illər boyu yaşatmaq niyyətindədir.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova