Bu gün:

Vittorio Sella Himalayları


Vittorio Sella 20-ci əsrin başlanğıcında dağ fotoqrafiyası və dağçılıq tarixini formalaşdıran qabaqcıl İtalyan fotoqrafı idi.  

Sella (1859-1943) İtaliyanın Biella şəhərində doğulub. Alp dağlarının zirvələrinə ilk dəfə qalxanlardan biri olub. Yun fabriklərində atasından mühəndislik və kimya öyrənib. 20 yaşında çətin foto texnikalarını mənimsəyib və panoramik şəkilləri ilə tanınıb. Onun Himalayalara aid nadir görüntüləri indiyədək çəkilən ən ikonik şəkillərdən sayılır.

Hindistanın paytaxtı Dehlidə təşkil edilən “Vittorio Sella: Himalayalarda fotoqraf” adlı yeni sərgi onun obyektivi vasitəsilə Himalayaların möhtəşəmliyini canlandırıb. Tanınan britaniyalı tədqiqatçı, yazıçı Hugh Thomson və Delhi Art Gallery (DAG) tərəfindən təşkil olunan bu sərgi Sellanın Hindistana aid mənzərələrinin ən böyük kolleksiyalarından biri ola bilər. Sərgidə dünyanın üçüncü ən yüksək zirvəsi olan Kançencanqa və ikinci ən yüksək zirvə K2-nin bir əsrdən çox əvvəl çəkilən ilk yüksək hündürlük görüntüləri nümayiş olunub.

Darjeeling və Kançencanqa silsiləsi(1889)

Sellanın Himalaya səyahəti 1899-cu ildə britaniyalı tədqiqatçı Duqlas Freşfild ilə Kançencanqanın ətrafında ekspedisiyaya qoşulması ilə başlayıb. Ekspedisiya Nepala daxil olmağı tələb edib. Yağış səbəbindən dırmanış baş tutmasa da, Sella qarla örtülü zirvələrin gözəl şəkillərini çəkib.

Karakorumda gün batması (1909)

1909-cu ildə Sella Abruzzi Dükü ilə K2 ekspedisiyasına qoşulub və həm sənət, həm də kəşf baxımından uğurlar əldə edib. Dünyanın ən çətin dağının şəkillərini çəkib. Təxminən 30 kq-lıq kamera ilə təhlükəli yolları keçərək dağ fotoqrafiyasının əsasını qoyan görüntülər yaradıb.

Pumah çayı üzərində kəndir körpü (1909)

Jim Curran “K2: Vəhşi Dağın Hekayəsi” kitabında Sellanı ən böyük dağ fotoqrafı kimi təsvir edir. Sella ağır avadanlıq daşısa da, Alp dağlarını böyük sürətlə keçməsi ilə tanınıb. Onun kamera dəstəyi və ağır ayaqqabıları Biella Fotoqrafiya İnstitutunda qorunur. Kamera və digər avadanlıqların çəkisi 30 kq-a yaxın olub.

K2 ekspedisiyasında Sella 4-5 ay ərzində Ross & Co kamerası ilə təxminən 250, Kançencanqada isə 200 şəkil çəkib. Müasir standartlarla bu çox görünməsə də, o dövr üçün əhəmiyyətli sayılırdı. Yüksək hündürlükdə fotoqrafiya riskli idi və nəmlik bəzi neqativləri məhv etsə də, qalan şəkillər onun ustalığını göstərir.

Mənbə: BBC News  

Tərcümə etdi: Nigar Muştaqova  

Paylaş
Şərh əlavə et