Bu gün:

Vikinqlərin ixtirası


Vikinqlər uzun qayıqları eramızın 800-1100-cü illərində Vikinqlər dövründə icad ediblər. Bu ixtira onlara Avropanın orta əsrlər dövründə ticarət, siyasət və müharibədə güclü qüvvəyə çevrilməyə imkan verib.

Həmin dövr üçün texnoloji baxımdan inkişaf hesab edilən bu gəmilər həm avar, həm də düzbucaqlı yelkənlə hərəkət edə bilirdi. Beləliklə, külək olmadıqda belə, avarlardan istifadə edərək irəliləmək mümkün olurdu. Dayaz sularda üzmək qabiliyyəti sayəsində vikinqlər təkcə okeanlarda deyil, həm də çaylarda rahat hərəkət edə bilirdilər. Bu xüsusiyyət onlara Şərqi Avropa çaylarından keçərək Yaxın Şərqə ticarət əlaqələri qurmağa imkan yaradıb.

Vikinqlər dənizdə yol tapmaq üçün Şimal Ulduzu və Günəşin mövqeyindən istifadə ediblər. Rəvayətlərə görə, onlar hətta buludlu və ya dumanlı havada belə günəşin yerini təyin edə bilən xüsusi bir vasitə – "günəş daşı"ndan yararlanıblar. Günəş daşlarının təbii qütbləşdirici filtrlər kimi işləyən kristallar olduğu güman edilir. Uzun müddət mif hesab edilən bu daşların mövcudluğu 1592-ci ildə Alderney yaxınlığında batmış gəmidə mümkün nümunənin tapılması ilə daha inandırıcı olub.

Mənbə: 411answers.com

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et