“Facemark” şirkəti və “İnci – işgüzar xanımların ünsiyyət klubu”nun təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçiriləcək Qadın Liderləri Zirvəsi 4 mart Gülüstan sarayında baş tutacaq. Tədbir “Fərqlərin Bərabərliyi” konsept mesajı ilə 500-ə yaxın mütəxəssis, lider, fikir öndərləri və yenilikçiləri bir araya gətirəcək. 24media.az tədbirin təşkilatçıları Rafiq Hunaltay və Xədicə Cəbrayılova ilə müsahibəni təqdim edir.

“Facemark” şirkətinin təsisçisi olaraq illərdir, ölkəmizdə müxtəlif sahələr üzrə tədbirlər təşkil edən Rafiq bəy ilk dəfədir ki, qadın liderliyinə dair keçiriləcək tədbirdən danışıb. O, qadın liderlərin mövqeyini gücləndirmək üçün belə bir zirvə keçirməyin vacibliyindən bəhs edib:
“Facemark" olaraq illərdir ki, müxtəlif sahələrdə tədbirlər təşkil edərkən bazar ehtiyaclarını və cəmiyyətin tələblərini daim diqqətlə analiz edirik. Son illərdə dünyada və ölkəmizdə qadınların biznes, idarəetmə və digər strateji sahələrdə getdikcə daha aktiv rol oynaması müşahidə olunur. Bu tendensiyanı nəzərə alaraq qadın liderlərinin cəmiyyətə töhfəsini artırmaq, onların qarşılaşdığı çətinlikləri və imkanları müzakirə etmək üçün Qadın Liderləri Zirvəsini təşkil etmək qərarına gəldik. Biz bununla qadın liderlərə bir araya gəlmək, güclənmək və öz uğur hekayələrini bölüşmək üçün əlverişli bir platforma yaratmağı hədəfləyirik".
Müsahibimiz tədbirdə “Qadın liderliyi” mövzusunda regionumuzun bu sahədə güclü tərəflərini və inkişaf ehtiyaclarını vurğulamağı planlaşdırdığını qeyd edib:
"Tədbirdə regionumuzun qadın liderlik sahəsindəki güclü tərəfləri kimi uğurlu qadın nümunələrinin mövcudluğunu, dövlət və özəl sektorun dəstəyini, gənc qadınların artan marağını və şəbəkələşmə imkanlarının genişlənməsini vurğulamağı planlaşdırırıq. Bununla yanaşı, inkişaf ehtiyacları kimi qadınlar üçün mentorluq imkanlarının artırılmasını, gender stereotiplərinin aradan qaldırılmasını və liderlik bacarıqlarının inkişafına yönəlmiş təhsil proqramlarının vacibliyini müzakirə etməyi nəzərdə tuturuq".
Rafiq bəy fərqlərin bərabərliyinə nail olmaq, bu balansı təşkilat və cəmiyyət səviyyəsində təmin edə bilmək üçün bərabər imkanların önəmindən bəhs edib:
"Düşünürəm ki, fərqlərin bərabərliyinə nail olmaq üçün cəmiyyətdə və təşkilatlarda hər kəsin fərqliliklərinə hörmət edilməli və bərabər imkanlar yaradılmalıdır. Bu balansı təmin etmək üçün təşkilatlar şəffaf və inklüziv siyasətlər həyata keçirməli, cəmiyyət isə maarifləndirmə və dəstəkləyici mühit yaratmalıdır. Bu səbəbdən inanırıq ki, təşkil etdiyimiz Qadın Liderləri Zirvəsi fərqlərin bərabərliyinə dair bütün bu suallara cavab verməklə yanaşı, qadın liderlər üçün yeni imkanlar yaradaraq cəmiyyətin hər bir üzvü üçün faydalı olacaqdır".
Xədicə Cəbrayılova ilə təşkil ediləcək tədbirin formatından danışdıq. O, bir günü əhatə edəcək tədbirdə planlaşdırılan panellər və onların əhatə edəcəyi mövzularla bağlı suallarımızı cavablandırdı:
"Tədbir davos formatında “Lider qadın, yoxsa Qadın lider?”, “İnnovasiya və strateji yanaşma”, “Rəqəmsal trendlər dövründə qadınlar” mövzusunda 3 paneldən ibarət olmaqla keçiriləcək. Hər paneldə 1 nəfər moderator və 4 nəfər spiker olmaqla bir bütöv gün davam edəcək. Həmçinin, seçilmiş mövzularda ayrıca çıxışların olması planlaşdırılır".
Əsas məqsədin zirvəni ilham mənbəyinə çevirmək olduğunu qeyd edən müsahibimiz zirvəni beynəlxalq səviyyəyə çıxarmaq üçün strategiyalarla bağlı sualımızı da cavablandırıb:
"Zirvəni beynəlxalq səviyyəyə çıxarmaq üçün ilk növbədə qadın liderliyi sahəsində tanınmış beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmaq, qlobal səviyyədə tanınan liderləri və ekspertləri tədbirə cəlb etmək vacibdir. Bununla yanaşı, rəqəmsal platformalar vasitəsilə zirvənin qlobal auditoriyaya çatdırılması, uğur hekayələrinin və innovativ təşəbbüslərin bölüşülməsi həm marağı artırar, həm də qadın liderlərin şəbəkələşməsinə şərait yaradacaq. Əsas məqsəd zirvəni ilham mənbəyinə çevirmək, ölkəmizdə qadın liderlər üçün qlobal səviyyədə tanınan bir platforma yaratmaqdır".
Sonda Xədicə Cəbrayılova da tədbirdə müxtəlif sektorları təmsil edən liderlərin bir araya gələcəyini, fikir mübadiləsi aparacaqlarını və birgə layihələr üçün ilham alacaqlarını deyib:
“Zirvədən gözləntilərimiz qadın liderlərin yalnız özlərini inkişaf etdirmək deyil, həm də bir-birinə dəstək verərək regional və qlobal səviyyədə güclü şəbəkələr qurmasıdır. Həmçinin bu zirvənin qadınların idarəetmə və təşəbbüskarlıq sahəsində daha güclü addımlar atmasına və davamlı dəyişikliklər yaratmasına zəmin hazırlayacaq. Tədbirdə iştirak edən 500 nəfər qadın təxminən 250-dək dövlət və ya özəl qurumunun əməkdaşlarıdır. Əminəm ki, tədbir qadın liderlər arasında həmrəyliyə, irəlidə onların uğurlarına, həmçinin, onlardan ilhamlanan qadınların inkişafına nail olacaq".
Həvva Cəbrayılova
