Bu gün:

Sərnişin təyyarələrində niyə paraşüt olmur?


Hər uçuşdan əvvəl stüardessalar fövqəladə hallar zamanı təhlükəsizlik üzrə instruksiyaları başa salırlar. Onlar oksigen maskasının haradan gəldiyini, necə istifadə olunacağını, suya eniş zamanı jileti haradan almaq və onu necə şişirtmək lazım olduğunu nümayiş etdirirlər, amma heç vaxt paraşütdən danışmırlar. Niyə? Paraşüt sağ qalmağınıza kömək edə bilməzmi?


Heç kim nədənsə sərnişin təyyarələrini paraşütlə təchiz etməyə tələsmir. Bunun altı səbəbi var. 


1. Paraşütlərdən istifadə etməyi bilmək lazımdır 


Paraşütlə tullanma üzrə xüsusi təlim keçmiş və onu praktikada tətbiq etmiş sərnişinlərin sayı olduqca azdır. Adi insanlar onu düzgün taxa, təhlükəsiz saxlaya, uçuş zamanı istədiyi mövqeyi tuta və vaxtında paraşütü aça bilməyəcəklər.


2. Təyyarənin yüksək sürəti


Bu, yıxılan insanın sürətindən xeyli yüksəkdir: kommersiya təyyarələri saatda təxminən 500-900 kilometr sürrətə çatır. Buna görə də böyük ehtimal sərnişinlər tullanan zaman təyyarənin yan hissəsinə dəyəcəklər. Paraşütlə tullanmaq üçün xüsusi təchiz olunmuş helikopterlər və təyyarələr 180 km/saatdan az sürətlə uçur.


3. Oksigen çatışmazlığı 


Sərnişin təyyarələri nəinki böyük sürət qazanır, həm də çox yüksək hündürlüklərdə uçur: 9000-12000 metr. Bu yüksəklikdə insan normal nəfəs ala bilmir. Üstəlik, aşağı atmosfer təzyiqi səbəbindən insanlar bu yüksəklildə bir neçə dəqiqə ərzində huşunu itirəcək. Soruşa bilərsiniz ki, alpinistlər dağ zirvələrində necə sağ qalırlar? Onlar, həmçinin qalxdıqları hündürlüyə nəzarət edir və artıq dəniz səviyyəsindən 6-7 min metr yüksəklikdə olanda oksigen balonlarından aktiv istifadə etməyə başlayırlar.


4. Çox sayda sərnişin


Sərnişin təyyarələri bir uçuşda 300-dən çox insanı daşıya bilər. Laynerlərin bir neçə təcili çıxışı olduğunu belə nəzərə alsaq, 300 sərnişinin və digər ekipaj üzvlərinin tullanmağa yenə də vaxtı çatmayacaq. Həm də sərnişinlər arasında tullanmaq üçün bir qədər məsafə lazımdır. Bu bir neçə saniyə çəkir və təyyarədən tullanmaq üçün lazım olan vaxtı daha da azaldır.


5. Təyyarələr aşağı hündürlükdə qəzaya uğrayır


Statistikaya görə, ən çox təyyarə qəzaları qalxma və ya eniş zamanı baş verir və qəzaların yalnız 10%-i havada baş verir. Bu vəziyyətdə paraşütdən istifadə etməyin mənası yoxdur.


6. Bu bahadır


Nəhayət, hər bir təyyarəni bütün sərnişinlər üçün paraşütlə təchiz etmək olduqca sərfəli deyil. Bir paraşütün qiyməti bir neçə min dollara çata bilər və alışdan əlavə, onların saxlanmasına da pul xərclənməlidir. 


Mənbə: Techinsider


Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et