24media.az-ın budəfəki müsahibi Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Orucovdur. O, “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna edilmiş dəyişiklikdən danışıb.
- Prezident İlham Əliyev “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Belə ki, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatlar sırasına əmlakın seriya nömrəsi də əlavə olunub.
Sizcə, bu qərar hansı üstünlüklər yaradacaq?Daşınmaz əmlakdan fərqli olaraq daşınar əmlakın reyestrləşməsi yeni və olduqca vacib fəaliyyət sahəsidir. 30 ildən artıq işğal altında olan ərazilərimizin azad olunmasından sonra bu istiqamətə çox böyük tələbat yaranıb. Belə ki, daşınar əmlak - qurğu, texnika, avadanlıq və maşınlar bu ərazilərdə infastrukturun yenidən bərpası üçün vacib əhəmiyyət kəsb edir. Həmin avadanlıq, maşın və texnikaların müəyyən hissələri xaricdən gətirilir. Seriya nömrəsinin olmaması və ya seriya nömrəsinin nəzərə alınmaması bu istiqamətdə də problemlərə səbəb olurdu. Eyni zamanda, banklarda girov predmenti kimi daşınar əmlak növlərində çıxış edirlər. Təəssüflər olsun ki, qiymətləndiricilər dəqiq idenfikasiya, yəni eyniləşmə prosesi zamanı daşınar əmlakın müəyyən edilməsində çətin problemlərlə üzləşirdilər. Çünki məhz müvafiq qurumlar tərəfindən daşınar əmlaklara verilən sənədlər və pasportlar ümumi xarakter daşıyırdı. Çox zaman onların əsas hissəsindən fərqli olaraq ehtiyat hissələrinə verilmiş sənədlərdə qeyri-müəyyənliklərlə üzləşirdik. Ümumiyyətlə, bir dövlətin həm daşınar, həm də daşınmaz əmlakı o qədər dəqiqliklə reyestrə alınmalıdır ki, ölkə üzərində onun elektron qeydiyyatını aparmaq və müəyyənləşdirmək baxımından mütəxəssislər və müvafiq dövlət məmurları heç bir problem yaşamasınlar. Dəqiqləşmə istənilən halda istənilən texnikanın sıradan çıxması, itməsi, girov predmenti kimi qəbul olunması, girovdan azad olunması və alqı-satqı məsələlərində problemlərin həllinə kömək edəcək. Mən hesab edirəm ki, cənab prezidentin bu qərarı olduqca vaxtında atılmış addımdır. Bu addımın təsiri məhz bu sahədə fəaliyyət göstərən qurum və müəssilərə deyil, bütünlükdə ölkə iqtisadiyyatına, reyestr proqramına, bütün sistemin elektronlaşması və rəqəmsallaşmasına dəstək göstərəcək bir addımdır.
Gülnisə Əfkari