Özdemir Asaf (1923-1981) Türk ədəbiyyatının ən önəmli şairlərindən biridir. O, duyğularını qısa və təsirli ifadələrlə oxucuya çatdırma bacarığı ilə tanınır. Həyatı boyunca sevgi, insan münasibətləri, tənhalıq və azadlıq mövzularına toxunan şair, sadə görünən, lakin dərin mənalı şeirləri ilə yadda qalmışdır.
Əsl adı Halit Özdemir Arun olan şair 1923-cü il 11 iyunda Ankarada dünyaya gəlib. Erkən yaşlarında atasını itirən Asaf ailəsi ilə birlikdə İstanbulda yaşamağa başlayıb. Təhsilinə Galatasaray Liseyində başlayan şair daha sonra Kabataş Erkək Liseyinə keçib və burada məzun olub. İstanbul Universitetində hüquq, iqtisadiyyat və fəlsəfə fakültələrində təhsil alsa da, heç birini bitirməyib.
Özdemir Asaf ədəbiyyata olan marağını gənc yaşlarından göstərməyə başlamışdır. Onun ilk şeirləri 1940-cı illərdə müxtəlif jurnallarda yayımlanıb. 1951-ci ildə "Sanat Basımevi" adlı nəşriyyatını quraraq, şeirlərini öz nəşri ilə yayımlamağa başlayıb. İlk şeir kitabı "Dünya Kaçtı Gözüme" 1955-ci ildə nəşr olunub.
Özdemir Asaf şeirlərində minimalizmi və məna dərinliyini birləşdirməyi bacaran nadir şairlərdən biridir. Onun əsərlərində sevgi həm sadə bir duyğu, həm də fəlsəfi bir məfhum kimi təqdim olunur. Şairin ən çox sitat gətirilən misralarından biri belədir:
"Tənhalıq paylaşıla bilməz, paylaşılarsada tənhalıq olmaz."
Onun poeziyasında bəzən tənhalığın acılığı, bəzən də azadlığın şirinliyi hiss olunur. Şeirləri çox vaxt həyatın ironiya dolu tərəflərini əks etdirir.
1981-ci ildə vəfat edən Özdemir Asaf Türk poeziyasına dərin iz buraxmış şairlərdən biridir. Onun əsərləri bu gün də oxunur, sevilir və yeni nəsillər üçün ilham mənbəyi olaraq qalır. Qısa və təsirli ifadələrlə duyğuları izah etmə qabiliyyəti onu ədəbiyyatda əvəzolunmaz edir.
Özdemir Asafın şeirləri həyatın sadə, lakin ən dərin məqamlarını ifadə edir. Hər misrası oxucuya yeni bir baxış bucağı təqdim edir. O, sevgi və tənhalığı sadə bir dildə böyük sənətkarlıqla ifadə edən bir ustad olaraq yaddaşlarda qalır.
Mənbə: Ntv
Tərcümə etdi: Zeynəb Həsənova
