Bu gün:

Yollarda tramvay xətlərinin çəkilməsi-"1 sual, 1 cavab"


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı nəqliyyat eksperti Eldəniz Cəfərovdur. O, Azərbaycanda tramvay xətləri haqda danışıb.

-Azərbaycanın hansı yollarına tramvay xətləri çəkilə bilər və tramvay çəkilməsi ümumi tıxaclara necə təsir edəcək?


-Azərbaycanın iri şəhərlərində tramvay yollarının çəkilməsi vacibdir. İctimai nəqliyyatda şaxələnmə baş verməlidir. Bu gün ictimai nəqliyyat Bakı şəhərində yalnız avtobuslardan və metrodan ibarətdir. Taksilər ictimai nəqliyyatın yükünü öz üzərinə götürür. Amma tramvay xətlərinin olması ictimai nəqliyyatı şaxələndirən sakinlərin və Bakı şəhərinin qonaqlarını bir nöqtədən başqa nöqtəyə daha tez çatmasına kömək edə bilər. Bakı şəhərinin mərkəzində hazırda tramvay xətlərinin çəkilməsi nə dərəcədə mümkündür bilinmir. Çünki Bakıda şəhərsalma və tikinti sahəsində qanunsuzluq var. Nizamsız tikintilər həyata keçirilir. Tramvay üçün burada əlverişli infrastruktur, demək olar ki, qalmayıb. Vaxtı ilə tramvay yolları söküləndə onların yerində xeyli sayda yaşayış və qeyri-yaşayış obyektləri tikilib. Bakı ətrafında, mərkəz olmayan ərazilərdə belə, məsələn: Hövsan, Əhmədli, Biləcəri, Yeni Yasamalda tramvay xətlərinin çəkilməsi məqsədəuyğun sayıla bilər. Həmçinin tramvay xətləri şəhərin Koroğlu metro stansiyası ərazisindən təxminən Bakı qəsəbələrinə qədər uzana bilər. Bir vaxtlar Bakı qəsəbələrinə gedən elektriklə dəmiryol qatarı var idi. Sakinlər rahatlıqla həmin elektriçka ilə hərəkət edirdilər. Çox səmərəli vasitə idi.  Düşünürəm ki, onu dirçəltmək olar. Əlbəttə, tramvay xətləri olsa, tıxaclara müsbət təsir edə bilər. Çünki tıxacların yaranma səbəbi  avtomobil sıxlığından irəli gəlir. İctimai nəqliyyat yaxşı işləsə, vətəndaşlar rahat, sərbəst hərəkət edə bilsələr, bu zaman fərdi avtomobillərə də ehtiyac qalmaz. Taksi və minik avtomobillərin də sayı azalar.


Fidan Əlizadə

Paylaş
Şərh əlavə et