Bu gün:

Pandalar haqqında maraqlı faktlar


Ağ-qara rəngi, xüsusilə, gözlərinin ətrafındakı qara dairəvi işarə və ayıya bənzəməsi  ilə dərhal tanınan sevimli heyvanlar olan pandalar haqqında ən maraqlı faktları bilirsinizmi?

• Nəhəng pandaların pəhrizinin 99%-i bambukdan ibarətdir

Pandalar demək olar ki, yalnız bambuk tumurcuqları və yarpaqlarını yesələr də, heyvanın həzm sistemi daha çox ətyeyən heyvana bənzəyir. Nadir hallarda bambukdan imtina etdikdə balqabaq, lobya, buğda, həmçinin yumurta, balıq kimi qidaları yeyə bilirlər.

• Pandalar gündə təxminən 12 saat yemək yeyir

Panda yaşaması üçün tamamilə bambukdan asılı olsa da, bitkinin özü çox zəif qida mənbəyidir. Bambuklarda zülal az, liqnin və sellüloz yüksəkdir. Nəhəng pandalar quru maddələrin təxminən 17%-ni həzm edə bilirlər. Bu da o deməkdir ki, sağ  və sağlam qalmaq üçün onlar 12 saat yeməlidirlər.

• Yetkin pandaların çəkisi 125 kiloqrama qədərdir

Erkək nəhəng pandanın çəkisi təxminən 85-125 kq, dişilərin çəkisi isə 70-100 kq arasında dəyişir. Yetkinlik yaşına çatdıqda böyük ölçüsünə və çəkisinə baxmayaraq, panda balası doğulanda cəmi 85-140 qram ağırlığında olur.

• Nəhəng pandalar Çinin milli xəzinələridir

Nəhəng pandalar yalnız mərkəzi Çindəki bir neçə dağ silsiləsində və əsasən Sıçuanda rast gəlinir. Bu növ milli sərvət kimi qəbul edilir və beynəlxalq tədbirlərdə milli simvol kimi təqdim olunur. Heyvan tez-tez diplomatik mübadilələr çərçivəsində ölkələrə 10 illik kredit əsasında hədiyyə edilir.

•Yaşayış yeri itirmək nəhəng pandalar üçün ən böyük təhlükədir

Dünyadakı digər təhlükə altında olan növlər kimi, yaşayış yerlərinin itirilməsi və parçalanması nəhəng pandaların sağ qalmasına ciddi təsir göstərmişdir. Yaşayış mühitinin dəyişməsi yolların tikintisi, su elektrik bəndləri, mədənçıxarma və digər infrastruktur layihələri kimi insan fəaliyyətlərindən qaynaqlanır və nəticədə, pandalar azalır. Pandalar indi Sıçuan, Qansu və Şaansi əyalətlərində cəmi 14.000 kv.km olan kiçik bir ərazidə yaşayırlar.

Mənbə: Earth

Tərcümə etdi: Gülay Orucova

Paylaş
Şərh əlavə et