Bu gün:

Üç ay saxlama müddəti olan peçenyelərin sirri: banan qabığı


Bananın qabığını soyub atdığınız zaman, əslində, dadlı və doyumcul bir qidanı atmış olursunuz. Aparılan son araşdırmalara görə, banan qabıqları qurudulub un halına salındıqda buğda ilə hazırlananlar qədər dadlı un məhsullarına çevrilir.

Əgər siz vegetarian reseptlərindən istifadə edən biri deyilsinizsə, banan qabığını bişirməyi düşünməmiş ola bilərsiniz. Amma alimlər sübut ediblər ki, bu üsul təkcə təhlükəsiz deyil, həm də sağlamlığınız üçün çox faydalıdır. Tədqiqatçılar təcrübə zamanı məhsulların dadını yoxlayanda insanlar banan qabığı ilə bişmiş peçenyelərin adi peçenyelər qədər yaxşı olduğunu söyləyiblər. Üstəlik, banan qabığı ilə bişirilən bu məhsullarda bol miqdarda mineral və xərçənglə mübarizəyə faydalı olan qidalar var. Məsələn, araşdırmaya əsasən, banan qabığı ilə zənginləşdirilmiş şəkərli peçenyelərdə daha çox lif, maqnezium, kalium və antioksidant birləşmələr var.

Amma tərkibində banan qabığının miqdarı çox olan peçenyelər, çox güman ki, yüksək lifə görə bir az qəhvəyi və bərk olur. Peçenyelər tərkibində 7,5 faiz banan qabığı olan unla hazırlandıqda daha iştahaçıcı olur. Üstəlik, bu məhsulların otaq temperaturunda üç ay saxlama müddəti olur.

Mənbə: Popsci

Tərcümə etdi: Nahid Xəlilov


Paylaş
Şərh əlavə et