Bu gün:

Serbiyada vizasız gedə biləcəyiniz görməli yerlər


Serbiya tarixi və dinc şəhərləri, nadir təbii gözəllikləri ilə ziyarətçilərin axın etdiyi Balkan ölkəsidir. Balkanlara səyahət etməyi planlaşdırırsınızsa, mütləq Serbiyanı ziyarət etməlisiniz. İstər arxeoloji muzeyləri, istərsə də səs-küylü kafe və barları ziyarət etməyinizdən asılı olmayaraq, bu ölkə ziyarət üçün, sözün əsl mənasında, mükəmməldir! Serbiyada getməli olduğunuz yerləri sizin üçün sıraladıq.

1. Belqrad

Serbiyanın paytaxtı Belqrad Dunay və Sava çaylarının qovuşduğu yaylada yerləşir. Şəhər 19-cu əsrin binalarından Art Nouveau binalarına qədər köhnə və yenini mükəmməl harmoniyada təcəssüm etdirir. Knez Mixaylovada ancaq piyada gedə biləcəyiniz kafelər kifayət qədər sıxdır. Dorćoldakı Bana küçəsini də ziyarət etməlisiniz. 

Belqradın nəfəs kəsən mənzərəsini görmək istəyirsinizsə, qala xarabalıqlarının da olduğu Kalemegdan Parkına getməyi tövsiyə edirik. Hərbi Muzeyi olan park, həm də bölgənin hərbi tarixini öyrənmək istəyən ziyarətçilər üçün ideal məkandır. Bu muzeydə, hətta ABŞ-ın gizli bombardmançısının qalıqlarını tapa bilərsiniz.

Şəhərdə qala ilə yanaşı, pravoslav kilsələri, rəngarəng fasadlar və maraqlı meydanlar da ziyarətçilərin böyük marağına səbəb olur. Belqradda olarkən mütləq Ada Cinganlijaya (Qaracalar adası) getməlisiniz. Adada sahil boyu çimərliklər üzməyə və xizək kimi su idman növləri ilə məşğul olmağa imkan verir. Adada yerli bitkiləri və canlı təbiəti müşahidə edə biləcəyiniz geniş park sahəsi də var.

2. Niş

Serbiyanın üçüncü ən böyük şəhəri olan Niş, həm də Roma imperatoru Konstantinin doğulduğu yer kimi tanınır. O, tarix baxımından çox zəngindir. 18-ci əsrdə inşa edilən Niş qalası ziyarətçilərin diqqətini çəkən tikililər arasındadır. Qalanın qarşısındakı kafelər kifayət qədər çoxdur. Universitet şəhəri olduğu üçün şəhərdə əyləncə imkanları çoxdur.

3. Novi Sad

Novi Sad Serbiyanın ikinci ən böyük şəhəridir. 17-ci əsrdə tikilmiş Petrovaradin qalası şəhərin simvoludur və qorunur. Novi Sad hər ilin iyul ayında keçirilən EXIT Musiqi Festivalı ilə məşhurdur. Varadin körpüsü və şəhərdəki mənzərəli binaları görməyə dəyər. Novi Sadda mədəniyyət və tarix həvəskarlarının görməli olduğu müharibə abidələri, muzeylər və sənət qalereyaları da var.

4. Zlatibor

Serbiyanın qərbində yerləşən Zlatibor təbiətlə iç-içə olan qəsəbədir. Təmiz havası və gözəl təbiəti ilə tənəffüs xəstəliklərindən əziyyət çəkən insanların tez-tez müraciət etdiyi yerdir. Zlatiborda xizək kurortu da var.

 5. Kəllə qülləsi

Bu, 19-cu əsrdə yaşamış 952 serb üsyançısının kəsilmiş başlarının kəllə sümüyündən ibarət qüllədir. Osmanlı-Serb müharibəsi zamanı düşməni qorxutmaq üçün müharibə zamanı öldürülən serblərin kəllələrindən tikilmiş qüllə idi. Serbiyanın müstəqillik qazandığı 1878-ci ilə qədər üsyançıların ailələri tərəfindən dəfn olunmaq üçün açıq havada müdafiəsiz qalan qüllədən kəllələrin çoxu götürülürdü.

Mənbə: onedio.com 

Tərcümə etdi: Namiq Atamalıyev 

Paylaş
Şərh əlavə et