Bu gün:

Ata ilə oynanılan oyunlar uşağınız üçün nə ifadə edir?


Uşaq dünyasında hər şeyin mənası var. Onlar hər şeydən təsirlənir. Eyni zamanda, uşağı ilə oynayan atanın uşağa təsiri böyükdür. Bəs bu uşaqlar üçün nə deməkdir?

Anaların uşaqla oynana biləcək faydalı, əyləncəli və zəka inkişaf etdirən oyunlar üçün daha çox araşdırma apardığı görülür. Bundan əlavə, bir çox atalar indi uşaqları ilə oyun oynamağa keçmişə nisbətən, daha həvəslidirlər. Belə ki, ata-övlad oyunları üçün ayrıca axtarış aparılsa da, elmi araşdırmalar oyunun özündən çox atanın oyundakı roluna diqqət çəkir. Araşdırmanın nəticələrinə görə, atanın oyuna maraq göstərməsi və fəal iştirakı oyunun nə olmasıdan belə əhəmiyyətli ola bilər. Necə? Kaliforniya Dövlət Universitetindən professor Mallers tərəfindən aparılan araşdırmaya görə, ata fəal iştirak edərsə, hətta zahirən sadə və vulqar görünən oyunlar da uşaq üçün çox faydalıdır. Atanın oyunda maraqlı davranması və qarşılıqlı əlaqəni, yəni oyunda iştirakını yaxşı idarə etməsi çox vacibdir.

Oyunda atanın rolu əvəzsizdir

Analar uşağa qayğının planlaşdırılması və təşkilinin çox hissəsini öz üzərinə götürür. Oyun vaxtına gəldikdə cəsarət və çətinlik tələb edən oyunlarda analar daha qoruyucu, atalar isə daha rahat olurlar. Professor Mallersin fikrincə, hətta anaların uşaqları tutma tərzi də buna işarə edir. Uşağın balanslaşdırılmış şəkildə həm müdafiəyə, həm də təşviqə ehtiyacı var. Bu məqamda atanın rolu diqqət çəkir. Atanın uşaqla ünsiyyət qurması çox vacibdir. Buna nail olmaq üçün ən yaxşı yer oyundur.

Oyun vaxtı vacibdir. Atalar oyuna daxil olmalıdır. Onların oyun zamanı uşaqları təhlükəsiz sərhədlər daxilində təşviq edən rəftarları, uşaqların gələcək həyatlarında ətraf mühitlə münasibət qurmaları, özlərini təhlükəsiz hiss etmələri, problemləri həll etmələri və stresin öhdəsindən gəlmələri baxımından çox faydalıdır. Atanın oyun zamanı uşaqla ünsiyyəti uşağı risk almağa sövq edir. Oyun bədənlərini idarə etməyi, risk götürməyi və uzunmüddətli perspektivdə daha qətiyyətli olmağı öyrədir. Analar uşaqlara təhlükəsiz və qorunan hisslər bəxş edərkən ataların rolu “Bəli, dünya təhlükəsizdir. Gedin və araşdırın!” deməyə bərabərdir. Bu da öz növbəsində, uşaqları həvəsləndirərək həyata başlamağa, yeni əlaqələr qurmağa sövq edir.

Hətta ata ilə oyun da “keyfiyyətli vaxt” sayılır.

Başqa bir araşdırmaya görə, oyun zamanı ataların həssaslıqları oyunun nə olduğundan belə əhəmiyyətli ola bilər. Oynanan oyun adi və ya kobud güləş və ya salto olsa belə, atanın uşağa bələdçiliyi mühüm nüansdır. Atanın oyun zamanı uşağa meydan oxuduğu və geri çəkildiyi zaman həssas və şüurlu olması uşağın inkişafı üçün çox dəyərlidir. Bu baxımdan atanın uşaqla oynadığı sadə oyunlar belə “keyfiyyətli vaxt” kimi görünəcək qədər əhəmiyyətlidir. Bundan əlavə, oyun olaraq xarakterizə edilən müddətdə atanın qayğıkeş davranışı uşağın emosional ehtiyaclarına cavab verərək uşağa sevildiyini hiss etdirir. Fəaliyyətin zənginliyindən çox atanın qayğıkeş münasibəti oyunu keyfiyyətli vaxta çevirir.

Atanın rədd etməsi ananın rədd etməsindən daha çox ağrıdır

Atanın laqeydliyi və ya uşaqla oynamaqdan imtina etməsi uzunmüddətli perspektivdə uşağın etibarlı münasibətlər qurma qabiliyyətinə mənfi təsir göstərə bilər. Amerikalı alim Rohnerin apardığı araşdırmaya görə, ata-övlad münasibətindəki atanın münasibətindəki çatışmazlıqlar etibarsızlıq, narahatlıq, düşmənçilik hissləri, davranış problemləri və maddə istifadəsi kimi problemlər yarada bilər. Bunun kritik sahələrindən biri oyun vaxtlarıdır. Valideynlər uşağın inkişafına bərabər təsir göstərirlər. Bununla belə, uşağa təsir etməkdə ən dominant vəziyyətlərdən biri atanın uşağı rədd edən bir münasibət göstərməsidir.

Pis ata-övlad münasibətləri uşağı uzun müddətdə daha stressli edir

2012-ci ildə aparılan bir araşdırma ataları ilə yaxşı münasibət quran oğulların ataları ilə möhkəm münasibətləri olmayanlara nisbətən, streslə daha yaxşı mübarizə apardıqlarını göstərdi. Uşağın ata ilə keçirdiyi oyun zamanı çətinliklər qarşısında sakitləşməsinə kömək etmək uşağın problem həlletmə bacarıqlarını da artırır. Çətinliklər yarandıqda sakit qalmaq və problemi həll etmək bacarığı ata ilə oyun vaxtı ilə birbaşa bağlıdır.

Ata ilə vaxt keçirmək uşağa başqaları ilə müsbət münasibət qurmağa kömək edir. McGill və Yale Universitetləri tərəfindən aparılan uzunmüddətli araşdırma ataları ilə daha az vaxt keçirən uşaqların empatiya qabiliyyətinin daha az ola biləcəyini də ortaya qoydu. Maraqlı nəticə budur ki, ata və uşaq arasında vaxt keçirmək, qarşılıqlı əlaqə ailədəki sevgi münasibətindən daha təsirli ola bilər. Ata oyun zamanı yüksək iştirakı ilə ahəngdar ailə imicini dəstəkləyir. Onun təsiri 25 ildən sonra da davam edir. 

Atanın diqqəti mərhəmətdən daha təsirli olur

Atanın oyun zamanı uşağın davranışına maraqla cavab verməsi vacibdir. Bununla bağlı araşdırmaların nəticələri maraqlı bir detalı ortaya çıxarıb. Uşaqlara göstərilən isti yanaşmanın və digər amillərin empatiyaya birbaşa təsir etmədiyi görüldü. Tədqiqatçıları təəccübləndirən şey empatiya qabiliyyətini artıran atalarla birbaşa əlaqənin olması idi. Uşaqların tərbiyəsində isti münasibətlərin böyük əhəmiyyəti olsa da, psixoloqlar uşaqların empatiya qurma qabiliyyəti üçün istiliyi vacib hesab etmirlər. İsti münasibət arxa planda olsa da, bu, təkbaşına təsirli deyil. Təkcə istilik hətta uşaqda eqoizmi təşviq edə bilər. Uşağa valideyn tərəfindən qoyulan məhdudiyyətlər və qaydalar lazımdır. Oyun da bunun üçün çox yaxşı fürsət təqdim edir.

Yeni ataların körpələri ilə oynaması üçün "Sevgi hormonu" aktivdir

Körpəlikdən ata-uşaq oyunlarını düşündüyümüz zaman mövzu körpə ilə bağlılıqdan başlayır. Araşdırmalar göstərib ki, "sevgi hormonu" adlanan oksitosin yeni anaların körpələri ilə əlaqə yaratmaq üçün aktivləşdiyi halda, atalar yeni doğulan körpənin ilk həftələrində oksitosin ifraz edir. Bundan əlavə, yeni doğulan körpənin ilk 3 həftəsində atanın testosteron səviyyəsinin 30% azaldığı müşahidə edilib. Bu, öz növbəsində, atanın daxili tərbiyələndirici istəklərini artırmağa və aqressiv davranış ehtimalını azaltmağa kömək edir. Bu mərhələdə körpə ilə əlaqə qurmağa başlamaq vacibdir. Artan oksitosin sayəsində atalar körpələri ilə oynamağa daha çox meyilli olur, oyun isə oksitosinin səviyyəsini artırır. Körpəni qucağında tutmaq, yuxarı qaldırmaq, yumşaq bir şəkildə silkələmək, qollarını çəkərək oturmaq kimi oyunlar,bağlanmasını gücləndirir. Beləliklə, daha çox oyun daha çox əlaqə təmin edir.

Bir sözlə, oyunun necə oynandığı çox önəmlidir

Son bir neçə ildə yaşanan sosial və mədəni dəyişikliklər nəticəsində, atalar övladlarına hər zamankindən daha yaxın olurlar. Nəhayət, atalar uşaqlara qulluq etmək və ev işlərini bölməkdə daha şüurlu olurlar. Ancaq bir o qədər də ənənəvi ailələr var və bir çox atalar hələ də uşaqları ilə oynamaqdan çəkinirlər. Araşdırmalar bizə göstərir ki, planlaşdırılan oyunlara başlamazdan əvvəl atanın oyun zamanı uşaqla göz təması, diqqətli dinləmə, oyun zamanı uşağın emosiyalarını görməsi və yönləndirməsi haqqında şüurlu olması çox vacibdir. Oyun oynamaq istəyən ataların etməli olduğu şeylər, əslində, çox sadədir. Oynayarkən qayğıkeş olmaq, dəstək olmaq və həvəsləndirmək.

Mənbə : Habertürk

Tərcümə etdi : Samirə İsmayılova

Paylaş