Bu gün:

Azərbaycanda distant təhsilin vəziyyəti- “1 sual, 1 cavab”


24media.az-ın budəfəki qonağı Təhsil eksperti, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Elmin Nuridir. Ekspert Azərbaycanda distant təhsilin vəziyyəti haqqında danışıb. 

- Azərbaycanda distant təhsilə tələbat necədir və bu təhsilin inkişafı üçün nələr edilməlidir?

XXI əsrin çağdaş təhsil modeli nəinki Azərbaycanda, eləcə də bütün dünyada prioritet olaraq distant təhsil formasını tələb edir. Çağdaş dövrün, eləcə də gələcəyin təhsili distant təhsildir. Yeni yanaşmalar, məsafəsiz təhsil, həyatın az qala bütünlüklə İT sahəsinə daxil olması təhsili də bir orqanizm kimi yalnız distant formada aktual olaraq saxlayacaq. Biz pandemiya dövründə distant təhsilin çox vacib olduğunu gördük. Amma məsələni sadəcə pandemiya dövrü ilə məhdudlaşdırmaq da olmaz. Təhsilin gələcək inkişaf strategiyasını görən bir çox Avropa, Amerika, Uzaq Şərq ölkələri çox əvvəldən distant təhsilin inkişaf proqramını hazırlamışdılar. Bura Danimarka, İsveç, Finlandiya, Sinqapur, Koreya, ABŞ və Kanada kimi bir çox ölkələri misal göstərmək olar. Azərbaycanda isə distant təhsil forması heç zaman olmayıb. Pandemiya dövründə də olmadı. Həmin ərəfədə istər orta, istərsə də ali təhsil seqmentində tətbiq olunan distant təhsil müstəqil forma deyil, məcburi şəkildə müraciət edilmiş uğursuz variant idi. Bu gün Azərbaycanda yalnız 2 təhsil forması var: əyani, qiyabi. Sovet dövründə istifadə olunan təhsil formaları bu gün üçün də aktualdır. Distant təhsil formasının rəsmi şəkildə təsdiq olunmaması təhsilin gələcək inkişaf modelinə ciddi təsir göstərəcək. Bu təsirləri aradan qaldırmaq üçün distant təhsillə bağlı ayrıca qanun layihəsinə xüsusi ehtiyac vardır. Yaxud Milli Məclisdə bir neçə il əvvəl müzakirəyə çıxarılan bir məsələ - “ Ali təhsil haqqında” Qanun layihəsinə distant təhsil forması ilə bağlı müəyyən bəndlərin  əlavəsi artıq həyata keçməlidir. 2021-ci ildə parlamentdə Elm və Təhsil komitəsinin həm komitə iclasında, həm parlamentin plenar iclasında bununla bağlı geniş müzakirələr edildi. Distant təhsil formasının çox vacib olduğunu, onun qəbul edilməsinin zəruriliyindən danışıldı. O zaman pandemiya dövrü olduğu üçün Azərbaycanda “Teledərs”, “Virtual məktəb” layihələri yaranmışdı. Məktəblər tez-tez bağlanır, açılırdı. Universitetlər onlayn fəaliyyət göstərirdi. Bu dövr Azərbaycan təhsilinə böyük zərbə vurdu. Zərbənin səbəbi isə bizim buna hazır olmamağımız idi. Azərbaycanda cəmi 52 ali təhsil müəssisəsi var. Onların 7-si xüsusi təyinatlı, digərləri isə  ümumi və ya ixtisasyönümlü (məsələn, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və.s.) ali təhsil müəssisələridir.  Amma UNEC-də xüsusi distant təhsil mərkəzi var idi. Azərbaycan təhsil sistemi isə bir universitetlə kifayətlənmir. Həmin distant mərkəzi eyni anda 3000 tələbəyə dərs vermək hüququna malik idi. Bu gün təcili şəkildə distant təhsillə bağlı addımlar atılmalıdır. Elm və Təhsil Nazirliyi bununla bağlı özünün xüsusi strategiyasını hazırlayıb təqdim etməlidir.

“Ali Təhsil” haqqında Qanunun növbəti oxunuşunda distant təhsillə bağlı məsələlərin qəbulu  təxirəsalınmaz addım olmalıdır. Çünki dünyanın çağdaş təhsil modeli bunu tələb edir. Distant təhsillə bağlı itirdiyimiz hər bir gün gələcəyin təhsilinə vurduğumuz ağır bir zərbədir.

Fidan Abdullayeva 

Paylaş
Şərh əlavə et