Bu gün:

Azərbaycanda idman jurnalistikasına maraq-"1 sual, 1 cavab"


24Media.az-ın “1sual, 1 cavab” rubrikasının növbəti qonağı Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin sədri və ARB 24-ün idman şöbəsinin rəhbəri Azər İsmayıldır. O, idman jurnalistikası ilə bağlı sualımızı cavablayıb.

-Azərbaycanda idman jurnalistikasına maraq necədir?

-Azərbaycanda idman jurnalistikasına maraq, demək olar ki, yaxşıdır. Əslində, bütün dövrlərdə və dünyanın hər yerində idman jurnalistikasına maraq daha yüksək olub. Bu sahəyə axın var, amma hələ ki durğunluq dövrünü yaşayır. Çünki jurnalistikanın bu qolunda yeni simalar çox azdır, olanlar isə daimi qala bilməyib bir müddət sonra başqa sahəyə yönəlirlər. Bunun səbəbi isə maliyyə dayanıqlığı məsələsi ilə bağlıdır. İstər idman saytları, istərsə də xəbər agentliklərinin və televiziya kanallarının idman şöbəsində istənilən səviyyədə maliyyə olmadığından və bura diqqət ayrılmamasından bu sahəyə potensialı olan gənclərin üzə çıxması çətin olur. Bir az da idman jurnalistikasının təhsili ilə bağlı danışaq. Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasında və Bakı Dövlət Universitetində yüksək səviyyədə xüsusi dərslər tədris olunur. Hazırda da orada yeni gənclər yetişir. Böyük bir ümidlə gözləyirik ki, yeni kadrlar tez bir zamanda yetişər, aramıza daxil olarlar. Ümumilikdə, ölkədə 2 idman kanalı var və hələki yaxşı davam edirlər. Bundan əlavə müstəqil yönümlü bir çox saytlarda vardır. Yəni bütün bunları nəzərə alaraq idman jurnalistikasının inkişaf etdiyini deyə bilərik. Bütün sahələrdə olduğu kimi bu sahədə də bir çox problemlər olur və indi də vardır. Amma güman edirik ki, tez bir zamanda bu problemlər aradan qaldırılacaq və daha da çox inkişaf edəcəyik.

Əli Mehdili

Paylaş
Şərh əlavə et